VAR gözəlləmələri və ya Rəşad Əzizli niyə deyinirdi?
“Şamaxı” – “Səbail” oyununun (1:1) sonuncu dəqiqəsində VAR məsələyə qarışmalı oldu. Qonaqların hücumu zamanı sürət yığan Ağabala Ramazanovu Adil Nağıyev kobudluqla dayandırdı. Düzdür, “Şamaxı”nın müdafiəçisi qaydanı pozmuşdu, amma bu, qırmızıya gətirib çıxaracaq fol deyildi.
Oyunun baş hakimi Vüqar Həsənli “davam” işarəsi versə də, VAR-da oturan həmkarları epizoda baxmasını təklif etdilər. Referi manitora gedib vəziyyətlə tanış olduqdan sonra qərarını qüvvədə saxladı. Ən maraqlı hadisələr də Vüqar Həsənli həmkarları ilə danışan və monitora gedib baxan ərəfədə baş verdi. “Şamaxı”nın qapıçısı Rəşad Əzizli bir vay-şüvən saldı ki, gəl görəsən. Onun çıxışından bir-iki sitat:
- Orda penalti var? VAR-a niyə baxırsız? Buna görə VAR-a baxarlar?
- Görməmişlər bir VAR gətiriblər, indi harda gəldi baxacaqlar.
- Bu az oldu, gedin evdə də baxın hələ.
Bu epizod və meydan sahiblərinin qapıçısının deyinməyi göstərdi ki, VAR-la bağlı hələ də düzgün maarifləndirmə işləri aparılmayıb. Halbuki çempionatın əvvəlində AFFA bununla bağlı bir neçə dəfə jurnalistlər, şərhçilər üçün seminar keçib xırdalıqlarına qədər hər şeyi izah edib.
Belə çıxır ki, analoji təlimlər, səminarlar Premyer Liqa komandaları futbolçular, məşqçilər üçün istənilən səviyyədə keçilməyib.
VAR protokolunda da deyilir ki, Video Köməkçi Hakim oyunun görüntülərinə müstəqil çıxışı olan bir oyun rəsmisi olub, referiyə yalnız “aydın və açıq-aşkar” və ya “gözdən qaçmış ciddi epizodlar” hallarında kömək edə bilər:
- Qol\qol deyil
- 11 metrlik zərbə var və ya yoxdur
- Birbaşa qırmızı vərəqə (II sarı vərəqəyə şamil olunmur)
- Səhv müəyyən edilmə (əgər referi səhvən qayda pozmuş komandanın digər oyunçusunu sarı və ya qırmızı karta cəzalandırırsa)
Dünənki oyunda hakimlərin diqqət yetirdiyi əsas məqam o idi ki, Adil Nağıyevə birbaşa qırmızı vərəqə göstərilməlidirmi? Amma Şamaxıda baş verən hadisə onu göstərdi ki, komandalara, futbolçulara VAR-la bağlı kifayət qədər məlumat verilməyib. Əksər oyunçular hansı hallarda VAR-a baxılıb-baxılmamasından xəbərsizdirlər. Yəqin ki, biz hələ qarşıdakı turlarda da buna bənzər hadisələrin şahidi olacağıq.