featured-image-12106

Bu mövsümdən Azərbaycan Premyer Liqasında VAR tətbiq olunmağa başlasa da, hələ ki vəziyyətin əla olduğunu deyə bilmərik. Düzdür, VAR-ın gəlişi müəyyən mənada hakimlərə dəstəkdir və bəzi matçlarda onların yanlış qərarlarının korrektə etməsinə gətirib çıxarıb. Amma təəssüf ki, çəklişin istənilən keyfiyyətdə olmaması bəzən ədalət təmsilçilərinin işini çətinləşdirir.

V turda  “Sabah” – “Qəbələ” (0:2) görüşünü xatırlasaq, Əliyar Ağayevin Abdullaye Banın əlla oynamasına görə, qonaqların qapısına niyə penalti təyin etməməsini anlamaq mümkün olmur. Hətta FİFA referisi həmin epizodda monitora gedib baxmağı belə lazım bilmədi. Sonradan hakimlər bunu görüntünün istənilən keyfiyyətdə olmaması ilə izah etdilər. “Qəbələ”nin futbolçuları isə həmin epizodu sosial şəbəkələrdə paylaşaraq, hakimin qeyri-obyektiv qərar verdiyini irəli sürdülər. Doğrudan da həmin epizoda dəfələrlə baxdıqda topun Abdullaye Banın açıq əlinə dəyməsi daha çox diqqəti cəlb edir.

Dünən keçirilən “Zirə” – “Qəbələ” matçında da (2:1) Rauf Cabbarovun bəzi qərarları etiraza səbəb oldu. Meydan sahiblərinin qapısına penalti təyin olunarkən “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov başını tutsa da, təkrara baxdıqda Çantakiasın Rafael Utrixə toxunuşunu görmək mümkündür.  Əvəzində oyunun baş hakimi Ruan Renatonun cərimə meydançasında əlla oynamasını görmədi. Bunu VAR hakimləri – Əliyar Ağayevlə Zeynal Zeynalov da gözdən qaçırdılar.

51-ci dəqiqədə “Qəbələ”nin hücumu zamanı topun qapı xəttini keçib-keçmədiyini aşkar şəkildə müəyyənləşdirə bilmədik. Düzdür, Azərbaycan Premyer Liqasında Goal Line texnologiyasından istifadə olunmur. Amma qapı arxası kameradan da təəssüf ki, topun qapı xəttini keçib-keçmədiyi aydın şəkildə görünmədi.

Bir sözlə, Azərbaycanda hələ VAR-ın təkmilləşməsinə çox ehtiyac var. Çatışmazlıqlar yetərincədir, xüsusən də görüntü ilə bağlı. Bəzən hakimlər epizodun təkrarına baxdıqda belə bir şey anlamırlar.

SƏBUHİ 

Bənzər xəbərlər