featured-image-32176

“Neftçi”də yenə də ötən ilki hadisələr təkrarlanır. Komanda hazırlığa başlayıb, UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqib bəllidir, baş məşqçi isə hələ də yoxdur.

Yadınızdadırsa, ötən yayda da “ağ-qaralar” eyni aqibətlə üzləşdilər. Paytaxt klubu Laurentsiu Regekampfın təyinatını iyunun 21-də açıqladı. Əslində rumıniyalı məşqçi “Neftçi” üçün 1 nömrəli seçim deyildi. Sadəcə digər variantlar alınmadığından, Rege ilə müqavilə bağlandı. Viktor Qonçarenko və Yuri Vernidubla danışıqlar aparılsa da, hazırda “Ural”ı çalışdıran mütəxəssis çox pul istədi. Vernidub isə həmin dövrdə Ukraynada şiddətli döyüşlər getdiyindən ölkəni tərk etməsinin doğru olmayacağını bildirdi. Bütün bunlardan sonra əlahəzrət Regekampf  Bakıya gəldi və rəsmi müqaviləyə imza atdı.

Oxşar hadisələr bir ildən sonra da yaşanır. Bu gün iyunun 24-düdür, “Neftçi”nin hələ də baş məşqçisi yoxdur. Sərgən Yalçınla danışıqlar uğursuz nəticələndi. Hiss olundu ki, bu məsələdə də diletant, həvəskar mövqe nümayiş etdirdilər. Əvvəla indiyə kimi Azərbaycanda çalışan türkiyəli məşqçilər uğurlu olmayıblar, ikincisi də, bu işə girişməmişdən qabaq bilməli idilər ki, Sərgən nələr istəyəcək. 4 milyonu məşqçilər korpusuna verincə, bu məbləği transferlərə xərcləsən, daha yaxşı nəticələr əldə etmək olar.

Vaxt isə “Neftçi”ni gözləmir. “Ağ-qaralar”ın bir şeydə bəxti gətirib ki, II təsnifat mərhələsindəki mümkün rəqibləri o qədər də güclü deyil. Paytaxt klubu həm “Jelezniçar”, həm də Minsk “Dinamo”sunu çətinlik çəkmədən keçəcək gücdədir. Amma təbii ki, növbəti rəqib belə olmayacaq. “Neftçi” rəsmən heç bir transferini açıqlamayıb. Bakılıların başı hələ ki tapışla gələn Vato Arveladzeni, boşuna qaytardıqları Mert Çeliki, Sezar Meza Kollini göndərməyə qarışıb.

AYXAN  

 

Bənzər xəbərlər