Xatirə turniri keçirildi
Azərbaycan Şahmat Federasiyasının (AŞF) dəstəyi ilə ölkəmizdə şahmatın inkişafında böyük xidmətləri olan Əməkdar məşqçi Salman Süleymanovun xatirə turniri keçirilib.
AŞF-nin mətbuat xidmətindən Msport.az-a bildiriblər ki, “Sabah” Şahmat Akademiyasında sürətli şahmat üzrə təşkil olunan yarışda yeniyetmələr, o cümlədən Avropa, dünya çempionları, Azərbaycan çempionatının medalçıları və qalibləri mübarizə aparıblar.
Turnirin açılış mərasimində AŞF-nin Uşaq və Gənclər Komissiyasının sədri, qrossmeyster, Əməkdar məşqçi Fərid Abbasov və AŞF-nin İcraiyyə Komitəsinin üzvi, qrossmeyster, Əməkdar məşqçi Cahangir Ağarəhimov çıxış edərək yeni şahmat nəslinin inkişafında Salman Süleymanovun rolundan danışıblar.
İlk dəfə keçirilən turnirdə Abdulla Qədimbəyli rapid yarışında bütün rəqiblərini qabaqlayıb. Blits üzrə mübarizədə İslam Hacıəliyev qələbə qazanıb. Qadınlar arasında rapid mübarizəsində ən yaxşı nəticəni Ayan Allahverdiyeva göstərib. Blits üzrə isə Nurtan Nuriyeva qalib adını qazanıb.
Turnirdə fərqlənənlərə pul mükafatları verilib.