Xorvatiya mətbuatı - "Mahir Emreli "klass"dır"
Xorvatiya mətbuatı “Riyeka” – Dinamo Zaqreb” (1:2) matçında ilk qolunu vuran millimizin hücumçusu Mahir Emrelinin oyununu yüksək qiymətləndirib.
Msport.az “24sata” istinadən xəbər verir ki, xorvatiyalı jurnalistlər 24 yaşlı futbolçu haqqında müsbət fikirlər yazıblar:
“Riyekada uğurlu çıxış edən “Dinamo” Mahir Emrəli və Aryan Ademinin qolları ilə vacib qələbə qazandı. Mahir həm də “Riyeka” futbolçulardan birinin meydandan kənarlaşdırılmasına da səbəb oldu. Zaqreb klubu böyük iradə nümayiş etdirərək nəticəni dəyişə bildi.
“Dinamo”nun “Rujevitse” stadionunda iki əsl qəhrəmanı vardı – Ademi və Emreli. Kapitandan bu, gözlənilirdi. Lakin azərbaycanlı hücumçu sübut etdi ki, ona daha çox etibar etmək lazımdır. Onun sol ayağının “Dinamo”ya böyük faydası ola bilər. Mahir Emreli “klass”dır. Hücumçu artıq “Dinamo”da ilk qolu vurub. Ümumilikdə o, indiyədək 6 oyunda 227 dəqiqə meydanda olub, bu müddətdə özünü göstərə bilib. Emreli bir qol vurub (“Riyeka”), dirəyə iki zərbə (“Şibenik” və “Hrvatski Draqovolaç”) endirib, iki dəfə isə rəqibin meydandan kənarlaşdırılmasına (“Sevilya” və “Riyeka”) səbəbkar olub.
Deyəsən, o, Bruno Petkoviç kimi topla oynamağı sevir və bu, Jelko Kopiç üçün problem yarada bilər. “Dinamo” azərbaycanlı hücumçunu mərkəz hücumçusu kimi dəvət edib, amma deyəsən, Emreli sağ cinahda daha yaxşı oynayır. O, topla cərimə meydançasına daxil olanda rəqibi həyəcana salır.
Mahir Emreli “Maksimir”ə yaxşı snayper adı ilə dəvət edilib. “Qarabağ”da 185 matçda 67 dəfə fərqlənib (24 məhsuldar ötürmə), “Legiya”da 33 oyuna çıxıb, 11 qol vurub. Bu isə “Dinamo”nun titul uğrunda mübarizədə lazımi qolları vura biləcəyinin sübutudu.