Yay transferləri - Çempionatımızda kimlər parlaya bilər?
Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasına 6 gün qalır. Klubların əksəriyyəti artıq transfer işlərini başa vurublar. Düzdür, “Zirə”, “Sumqayıt”, eləcə də mərhələ keçəcəkləri halda “Qarabağ” və “Neftçi”dən yeni transferlər gözləmək olar.
Msport.az bu mövsüm Azərbaycan çempionatında parlayaca biləcək yeni transferləri sizə təqdim edir:
Marko Yankoviç (Qarabağ)
Yaş: 27
Son klubu: “Aşdod” (İsrail)
Yankoviç gələn kimi “Qarabağ”ın əsas oyunçusuna çevrilə bildi. Yalnız “Lex”lə Poznandakı matçda (0:1) sonradan meydana daxil olan Monteneqro millisinin üzvü ondan sonrakı bütün görüşlərdə start heyətində olub. Dayaq yarımmüdafiəçisi “Sürix”lə səfər qarşılaşmasında da (2:2) meydanda ən yaxşılardan biri idi. “Qara işi” öz üzərinə götürən Yankoviç 120 dəqiqə yorulmaq bilmədi. Marko böyük ehtimalla Azərbaycan Premyer Liqasında öz mövqeyində ən yaxşılardan olacaq.
Qodsvey Donyo (Neftçi)
Yaş: 27
Son klubu: “Makkabi Hayfa” (İsrail)
Donyonun İsrail çempionatındakı oyunlarına baxdıqda aydın olurdu ki, o, Azərbaycanda da parlaya bilər. Sürəti, cəldliyi ilə seçilən forvard ikili mübarizələrdə də çox effektlidir. Qanalı hücumçu “ağ-qaralar”ın Bolu toplanışında “Sakaryaspor”la matçda (1:1) fərqlənərək ona bəslənilən ümidlərin boş olmadığını göstərdi. Donyo “Aris” üzərindəki qələbədə də önəmli rol oynadı. O, paytaxt klubunun heyətində rəsmi matçlarda ilk qolunu vurarkən ustalığını göstərdi. Həm sürəti, həm də fərdi ustalığı hesabına rəqiblərindən yayınan forvard Kipr klubunun qapısına yol tapa bildi. “Neftçi” azarkeşlərinin yeni mövsümdə Donyodan gözləntiləri çoxdur.
Kenni Sayef (Neftçi)
Yaş: 28
Son klubu: “Aşdod” (İsrail)
Sayefi ilk görən gündən oyun tərzinə görə Sabir Buqrinə oxşatdım. Meydanı görməsi, texnikası orta sahəni nəzarətdə saxlaması eynən tunisli futbolçudakı kimidir. ABŞ millisində 4 oyun keçirən yarımmüdafiəçi “Gent”in heyətində Belçika çempionu olub, daha sonra isə “Anderlext”də çıxış edib. Sayefin “Aris”ə vurduğu qol nəyə desən, dəyərdi. Kennin yeni mövsümdə Premyer Liqada ən yaxşılardan biri olmağa potensialı var.
Abdullaye Ba (Sabah)
Yaş: 31
Son klubu: “Aroka” (Portuqaliya)
Seneqallı futbolçunun böyük təcrübəsi var. O, karyerası ərzində “Portu”, “Rayo Vallekano”, “Fənərbaxça”, “Alanyaspor”. “1860 Münhen” kimi tanınmış klublarda forma geyinib. Düzdür, onun “Fənər” dönəmi istənilən kimi alınmadı. İcarə əsasında bu komandada cəmi 6 oyuna çıxan müdafiəçi növbəti mövsüm Alanyaya yollandı.
“Sabah”ın ötən mövsüm müdafiənin mərkəzi ilə bağlı ciddi problemləri oldu. Bu səbəbdən də Murad Musayev birinci növbədə bu mövqeyi gücləndirməyə çalışırdı. Abdullaye Banın Bolqarıstndakı təlim-məşq toplanışında son iki yoxlama matçında start heyətində meydana çıxması göstərir ki, o, “Sabah”ın müdafiə xəttinin lideri olacaq.
Namik Ələskərov (Sabah)
Yaş: 27
Son klubu: “Bursaspor” (Türkiyə)
Ələskərov bir mövsümlük fasilədən sonra yenidən Azərbaycana qayıdır, bu dəfə “Neftçi”yə yox, “Sabah”a. Millimizin üzvü üçün özünü “Sabah”da yaxşı tərəfdən göstərmək prinsipial məqamdır. O, ötən mövsüm “Bursaspor”da ən yaxşılardan biri olub, 6 qol vursa da, komandası aşağı liqaya düşdü. Ona görə də Namik haqqında hələ də “Türkiyədə karyerası alınmadı” deyənlər var. Həm də vinger Bursaya getməmişdən əvvəl 2020-2021 mövsümündə “Neftçi”də 19 qol vuraraq çempionatın ən sərrast futbolçusu olmuşdu. Görək, yeni mövsümdə, yeni komandada Ələskərov özünü necə göstərəcək?
Steven Pereira (Sumqayıt)
Yaş: 28
Son klubu: “Maritsburq Yunayted” (CAR)
Kabo-Verde yığmasının oyunçusu olan Pereira Azərbaycan Premyer Liqasında seçilə bilər. Mərkəz müdafiəçisi “Maastrix”in heyətində Niderland “Jupiler League”də (səviyyəcə II liqa) 101 oyun keçirib. Onun qısa müddət Bolqarıstan təcrübəsi də olub. Müdafiəçi icarə əsasında ÇSKA-da forma geyinib. “Sumqayıt”ın yeni transferi millinin heyətində iyunda – Toqo və Ekvadorla son iki matçda meydanda olub. Məncə, “Sumqayıt”ın ən uğurlu transferləriindən biri adlandıra bilərik.
Luvaqa Kizito (Səbail)
Yaş: 28
Son klubu: “Hapoel” (Nof-Ha-Qalil, İsrail)
Uqandalı futbolçu 10 ildən çoxdur ki, Avropa klublarında çıxış edir. O, Portuqaliyada “Riu Ave”, “Farense”, Rumıniyada “Politexnika”, Belarusda BATE, Qazaxıstanda “Şaxtyor Karaqanda”da oynadıqdan sonra İsrailə yollanıb. “Səbail”in yeni transferi son 2 ili İsrail çempionatında keçirib. Kizito “Səbail”in Gürcüstanda keçirdiyi yoxlama görüşlərində də əsas oyunçulardan idi. “Qaqra” ilə matçda (2:1) komandasının qələbə topunu məhz uqandalı vinger vurdu. Kizito postsovet məkanında iki ölkədə oynadığından Azərbaycana uyğunlaşma çətin olmayacaq.
Emil Balayev (Səbail)
Yaş: 28
Son klubu: “Turan” (Qazaxıstan)
Millimizin qapıçısı nəhayət, bəlkə indi potensialını tam aça bildi. O, “Qarabağ”da çıxış etdiyi dövrdə heç cür “birinci nömrə” kimi möhkəmlənə bilmədi. Balayevin Qazaxıstana ikinci səfəri uğursuz alındı. Onu aparan baş məşqçi Vladimir Qazzayev istefa verdiyindən klubdakı perespektivi dumanlı görünürdü. Həqiqətən də qolkiper qısa vaxt ərzində klubdan azad agent statusu alıb “Səbail”ə keçdi. Balayev “Turan”da bir oyun keçirdi, buna qədər isə o, rəsmi matçlarda 2021-ci il noyabrın 14-də Qətərlə görüşdə meydana çıxmışdı. Emil üçün yenidən “top” qapıçı olduğunu sübut etmək üçün əsl vaxtdır.
ELNUR MƏMMƏDLİ