Yeddi oğul istərəm və ya Premyer Liqada ilk qolunu vuranlar
Azərbaycan Premyer Liqasıının (APL) 2-ci turunda 7 futbolçu çempionatımızda ilk qollarını vurdular. Msport.az xəbər verir ki, “Neftçi”nin dörd futbolçusu “Kəpəz”lə matçda (5:2) APL-də qol hesablarını açdılar.
Solomon Kvirkveliya
30 yaşlı müdafiəçi “Kəpəz”lə qarşılaşmada komandasının ilk qolunu vurdu. Gürcüstan milli komandasının üzvü Premyer Liqamızda ilk dəfə “Neftçi”nin sabiq qapıçısı Kamran İbrahimovu məyus etdi. “Ağ-qaralar”ın “Qaqra”dan transfer etdiyi futbolçu Konfrans Liqasının matçlarında forma geyinsə də, fərqlənə bilməmişdi. Ümumiyyətlə, hələ ki Kvirkveliyanın müdafiədə inamlı oynadığını əminliklə demək mümkün deyil.
Qodsvey Donyo
Qanalı hücumçu “Aris”lə Bakıdakı qarşılaşmada “Neftçi”də qol hesabını açsa da, Azərbaycan çempionatında ilk dəfə “Kəpəz”lə matçda fərqləndi. Amma oyunun 27 yaşlı forvard üçün uğurlu keçdiyini demək olmaz. Donyo qasıq nahiyəsindən zədə aldığından 29-cu dəqiqədə yerini Rəhman Hacıyevə buraxmaq məcburiyyətində qaldı.
Kenni Sayef
ABŞ millisinin sabiq üzvü avrokuboklarda 2 qol vurdu. Sayef yarımmüdafiəçi olmasına baxmayaraq, hələ ki məhsuldar oyun nümayiş etdirir. “Anderlext”in sabiq futbolçusu “Kəpəz”lə matçda komandasının 3-cü qolunun müəllifi oldu.
Yeqor Boqomolski
22 yaşlı belaruslu forvard hələ ki az oynayır. Əslində “Neftçi” elə onu Donyonun əvəzləyicisi kimi transfer edib. Boqomolski “Şamaxı” ilə görüşdə (1:0) start heyətində meydana çıxıb çalışsa da, Əkbər Vəliyevin qapısına yol tapa bilməmişdi. Ancaq “Minsk”dən transfer olunan hücumçu Gəncə klubu ilə qarşılaşmada oyunda son nöqtəni qoya bildi.
Natan Oduva
İngiltərəli futbolçu ötən mövsüm “Şamaxı”nın heyətində 11 oyunda meydana çıxsa da, qol hesabını aça bilməmişdi. Oduva “Turan Tovuz”da ilk matçdaca fərqlənərək komandasına vacib qələbə qazandırdı. “Tottenhem”in yetirməsi xəstələndiyindən I turda “Qəbələ”yə qarşı forma geyinə bilməmişdi.
Abdullaye Şuaybu
Şuaybu “Kəpəz”ə gələnə qədər yəqin ki, onu Azərbaycanda tanıyan yox idi. Lakin 20 yaşlı nigeriyalı oyunçu “Neftçi” ilə matçda pis təsir bağışlamadı. Şuaybu dubl da edə bilərdi, lakin əlinə düşən imkanı dəyərləndirə bilmədi. Qeyd edək ki, “Kəpəz”in yeni transferi hər iki matçda meydana sonradan daxil olub. Yəqin ki, qarşıdakı görüşlərdə biz Şuaybunu artıq start heyətində görə bilərik. Təbii ki, hələ Yaşar Vahabzadə özü baş məşqçi postunda qalsa.
Abdullaye Ba
“Sabah”ın mərkəz müdafiəçisi bu yay ölkəmizə gəlmiş ən adlı-sanlı futbolçulardandır. Vaxtilə “Portu”, “Fənərbaxça”, “Rayo Vallekano” kimi klubların şərəfini qorumuş seneqallı müdafiəçi “Zirə” ilə görüşdə APL-də ilk qolunu vurdu. Maraqlıdır ki, Ba buna qədər son dəfə 2018-2019-cu illər mövsümündə çıxış etdiyi “Rayo Vallekano”da rəqib qapısına yol tapmışdı.