featured-image-32726

“Ötən ilin təqribən bu vaxtları “Yurqorden”də təcrübə keçirdim. Bir həftə orada qaldım. Məni çox yaxşı qarşıladılar. Qonaqpərvər insanlardır. Baş məşqçiləri isveçlidir. Hər məşqdə mənə yaxınlaşır, detalları ətraflı izah edirdi”.

Bunu Msport.az saytına açıqlamasında “Şamaxı”nın əvəzedici komandasının sabiq baş məşqçisi Zaur İsmayılov deyib.

Azərbaycan millisinin və “Qarabağ”ın futbolçusu Musa Qurbanlının İsveçin “Yurqorden” komandasına keçidini şərh edən mütəxəssis 21 yaşlı hücumçunun doğru qərar verdiyini bildirib:

“Məncə, Musanın seçimi doğrudur. Çünki birdən-birə gedib “Zalsburq” və ya “Jirona”da oynasaydı, çətinlik çəkərdi. “Yurqorden” keçid üçün yaxşı variantdır. Orada çıxış edərək Avropa sisteminə uyğunlaşacaq. Musanı heyətə cəlb ediblərsə, deməli, həqiqətən ehtiyacları olduğu üçün alıblar”.

İsmayılovun fikrincə, Musa bu komandadan tramplin kimi istifadə etmək istəyir: “Oradan Avropanın daha güclü klublarından birinə getməyi planlaşdırır. Çünki İsveç çempionatının oyunlarını xeyli skaut izləyir. Məsələn, ötən mövsümün sonunda əsas hücumlarından biri “Rusenburq”a keçdi. Çox güman ki, ön xətdə problemləri olduğundan Musanı götürdülər. Bildiyim qədərilə, futbolçumuzu çoxdan izləyirdilər. Məncə, Musa orada oynaya bilər. Yaxşı top saxlama qabiliyyəti var”.

Klubun infrastrukturuna və oyun üslubuna da toxunan məçqçi bunları söyləyib: “Güc futbolu oynamırlar. Topla davranmağı sevirlər. Onlara sual verdim ki, rəqiblərə qarşı necə oynayırsınız? Cavab verdilər ki, öz üslubumuz var, 4-3-3 taktiki sxemi ilə oynayırıq. Hər zaman hücum futboluna önəm verirlər. Bunu onlardan azarkeşləri tələb edirlər. Çox güman ki, Musanı hücumun mərkəzində oynatmaq üçün alıblar. Meşənin içində bazaları var. Paltardəyişmə otaqları vaqonlarda yerləşir, çox xərc çəkməyiblər. Amma yaxşı məşq meyndançaları, trenajor zalları var. Səhv etmirəmsə, hava şəraitinə görə oyunlarını süni örtükdə keçirirlər”.

İsmayılovun “Sizcə, Qurbanlı bu komandada ilk mövsümündə neçə qol vurar” sualına isə bu cür cavab verib: “Mən orada olarkən bombardirləri orta xətt oyunçusu idi. Müdafiəçiləri də hücumlara çox qoşulur. Düşünürəm ki, Musa “Yurqorden”də ən azı 10 qol vurar. Bunu bacarsa, əla olar. Qol vurmasa belə, yaxşı oynasın, əsas heyətdə möhkəmlənsin. Klubun avrokuboklarda oynaması da üstünlükdür. Beynəlxalq matçları daha çox skaut izləyir”.

Bənzər xəbərlər