featured-image-18307

“Əgər sırf nəticəyə baxsaq, çətin qələbə qazandığımızı düşünmək olar. Amma biz 90 dəqiqə ərzində üstün tərəf idik”

Bunu Msport.az saytına açıqlamasında “Zirə”nin futbolçusu Andriya Lukoviç Premyer Liqanın XVI turunda “Turan Tovuz”a 2:1 hesabı ilə qalib gəldikləri oyun barədə danışarkən deyib.

Serbiyalı yarımmüdafiəçi rəqibdən daha yaxşı çıxış etdiklərini bildirib: “Görüş ərzində topa nəzarət etdik. Sadəcə, istədiyimiz qolu vaxtında vura bilmədik. Əvəzində ilk hissədə çoxlu sayda fürsəti boşa verdik. Qələbəyə layiq idik”.

Azərbaycan kubokunun 1/4 finalında “Neftçi”yə qarşı keçirəcəkləri matça da toxunan 28 yaşlı oyunçu görüşün çətin olacağını söyləyib: “Bu komandaya qarşı oynamaq hər zaman ağırdır. İlk oyun sanki birinci hissə olacaq. Düzdür, onlar derbidəki məğlubiyyətdən sonra bizimlə oynayacaqlar. Amma arxayınlşmamalıyıq. Çünki bizimlə bundan əvvəlki oyuna da məğlubiyyətlə gəlmələrinə baxmayaraq, 3:0 hesablı qələbə qazandılar. Bu mənada 180 dəqiqəlik matça maksimum dərəcədə hazır olmalıyıq”.

Lukoviç bu mövsüm üçün qarşıda duran vəzifəni də açıqlayıb: “Hədəfimiz Premyer Liqada ilk “4-lük”də yer almaq, kubokda isə bacardığımız qədər irəliləməkdir. Növbəti 4 oyunda səbrli və diqqətli davranmalı, ardınca isə yaxşı istirahət edib mövsümün ikinci hissəsinə hazır olmalıyıq. Premyer Liqadakı növbəti 2 oyunda 6 xal qazanmaq istəyirik”.

O, ölkəsi Serbiyanın Qətərdə keçirilən dünya çempionatında qrupda qalmasına da münasibət bildirib: “Mundialda istədiyimiz kimi oynaya bilmədik. Nəticəyə görə bir az məyus oluruq. Amma bu futboldur. Almaniya və Belçika da pley-offa çıxa bilmədi”.

Futbolçu yığmanın düşərgəsindəki seks qalmaqalı ilə bağlı xəbərlərə də toxunub: “Bu barədə heç nə deyə bilmərəm. Amma əminəm ki, bunlar həqiqət deyil”.

Bənzər xəbərlər