featured-image-19054

Azərbaycan kubokunun 1\4 final mərhələsinin “Qəbələ” ilə cavab oyunundan (0:1) sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fikirlərini bildirib.

Msport.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı CBC0 Sport-a açıqlama verib:

“Qəbələ”ni təbrik edirəm. Bu qələbəyə layiq idilər. Son oyunlarda çox yaxşı performans göstərən bir komandaya qarşı oynayırdıq. Kubok oyunları çempionat matçlarından bir qədər fərqli olur. “Qəbələ”yə qarşıdakı görüşlərdə uğurlar arzu edirəm”.

Qurbanov son matçlarda “Qarabağ”ın qarışıq heyətinin bəzi oyunlarda çətinlik çəkməsi məsələsinə də toxunub: “Fikirlər söyləmək olar. Rəqibləri də nəzərə almaq lazımdır. Oyunlar çox olduqca digər komandalarda da özlərinə güvən artır. Bu gün bizim zədəli futbolçularımız da həddindən artıq çoxdur. Medina yoxdur, Bədavi Hüseynov, Ozobiç zədəlidir, Leandro Andrade 2 aydan sonra ilk oyununa çıxdı. 10-15 dəqiqə şərait yaratdıq ki, özünü hiss eləsin. Bunu da nəzərə almaq olar. Ümumiyyətlə, biz həmişə “Qəbələ”yə qarşı çətinlik çəkmişik.  Hər zaman görüşlərimiz gərgin keçib. Bir də bəzən oyunda istədiyin alınmır. Düşüncələrin tam reallaşmır. Sadəcə rəqibə daha çox dəyər vermək lazımdır ki, yaxşı oyun göstərdi”.

Luka Quqeşaşvili ilə Julio Romao “Qəbələ” ilk matçda start heyətində meydana çıxsalar da, bu gün ehtiyatda qalmışdılar. “Qarabağ”ın baş məşqçisi bu qərarını adı çəkilən futbolçuların heç də zəif oyunları ilə əlaqələndirməyib: “Yox, sadəcə bu gün belə qərar verdim. Bu oyunçulara üstünlük verdim. Planımda var idi ki, ikinci hissədə Romaoya şans verim. Amma oyunun gedişatı elə oldu ki, başqa cür qərar qəbul etdim”.

Bənzər xəbərlər