Almaniyada yaşayan azərbaycanlı "Frayburq"lu fanatlara nə məsləhət gördü? - VİDEO
“Mətbəximiz çox zəngindir. Plov, dolma və kabab olduqca dadlıdır. Fanatlara Azərbaycan kompotunu içməyi məsləhət görərdim”.
Msport.az-ın məlumatına görə, bunu Almaniyada yaşayan Murad Şirinov adlı azərbaycanlı “Frayburq”un Bakıda “Qarabağ”a qarşı keçirəcəyi UEFA Avropa Liqasının sonuncu – VI tur oyunundan öncə Bundesliqa təmsilçisinin rəsmi telekanalına müsahibəsində deyib..
Əslən Qarabağdan olan və 1,5 ildir Frayburqda yaşayan Şirinov Azərbaycan paytaxtının “Küləklər şəhəri” kimi tanındığını bildirib:
“Orada əsasən insani münasibətlər var. Azarkeşlər şəhərin gözəlliyindən və təmizliyindən heyrətə gələcəklər”.
O, “Frayburq” fanatlarına Qız Qalası, İçəri şəhər və alman kilsəsini ziyarət etməyi məsləhət görüb: “Azərbaycanlılar kifayət qədər müasir və tolerant xalqdır. Amma eyni zamanda milli və mədəni dəyərlərimizi qorumağa çalışırıq”.
Qeyd edək ki, noyabrın 3-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matç saat 21:45-də başlayacaq.