Ançelotti “Real”a qayıda bilər
Karlo Ançelotti karyerasında üçüncü dəfə “Real”a rəhbərlik edə bilər.
Msport.az xəbər verir ki, hazırda Braziliya millisinin baş məşqçisi vəzifəsində çalışan Ançelotti “kral klubu”na xidmətlərini təklif edib.
Klub hazırda onun namizədliyini nəzərdən keçirir. Madrid komandasını hazırda mövsümün ortalarında Xabi Alonsonun istefasından sonra təyin olunmuş Alvaro Arbeloa məşq etdirir.
66 yaşlı Ançelotti bu yay Braziliya millisini dünya çempionatına aparacaq. Onun “sambaçılar”la müqaviləsinin müddəti turnirin sonuna qədərdir. Ançelottinin maaşı ildə 10 milyon avrodur. Müqavilədə Braziliya turnirdə qalib gələcəyi təqdirdə 5 milyon avro bonus da nəzərdə tutulub.
Ançelotti 2013-cü ildən 2015-ci ilə qədər və 2021-ci ildən 2025-ci ilə qədər “Real Madrid”ə rəhbərlik edib. Bu müddət ərzində o, iki dəfə İspaniya La Liqasını, İspaniya Kubokunu və İspaniya Super Kubokunu, üç dəfə Çempionlar Liqasını, üç UEFA Super Kubokunu və iki dəfə FIFA Klublararası Dünya Kubokunu qazanıb.







