"Atamla anam bizi evdən çox yerə buraxmırdılar" - Şahruddin Məhəmmədəliyev
“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Rusiya mətbuatına müsahibə verib. Msport.az xəbər verir ki, 28 yaşlı qolkiper Mahaçqalada keçən uşaqlıq illərindən danışıb:
“1994-cü ildə anadan olmuşam, ona görə də çox şey yadımda qalmayıb. Biz orda yaşayanda hər şey normal, yaxşı idi. Düzdür, tez-tez məktəbə zəng vurub minaların zərərsizləşdirilməsi ilə bağlı məlumat verirdilər. Üç-dörd dəfə bizi evakuasiya ediblər. Bundan ciddi bir şey baş verməyib.
Dava, “razborka” isə Dağıstan küçələrində qəbul olunmuş hadisələr idi. Anamla atam bizi evdən çox yerə buraxmırdılar. Müəyyən yaşa qədər evdə böyümüşük. Böyüyüb məktəbə gedəndə artıq özünü müdafiə edə bilməlisən. Əlbəttə, dalaşmaq da lazım gəlirdi. Dağıstanda bunsuz ümumiyyətlə, mümkün deyil”.