Avrokubokda hər 2 oyunu Bakıda keçirəcək – Azərbaycan çempionu
Kişi voleybolçulardan ibarət “Murov” komandası avrokuboklardakı növbəti oyunlarını da evdə keçirəcək.
Msport.az xəbər verir ki, Çelenc kubokunda mübarizə aparan “Murov” 1/16 final mərhələsində Avstriyanın “Qrats” klubu ilə öz meydanında görüşəcək.
Qarşılıqlı razılığa əsasən, hər iki oyun Bakı Voleybol Mərkəzində təşkil olunacaq. Noyabrın 8-dəki ilk görüşdə meydan sahibi avstriyalılar olacaq. Ertəsi gün keçiriləcək cavab qarşılaşmasında “Murov” rəqibini qəbul edəcək. Komandalar ilk oyuna saat 19:00-da, ertəsi gün isə saat 18:00-da çıxacaq.
“Murov” 1/32 final mərhələsində Xorvatiyanın “Kitro Varazdin” klubu ilə də iki dəfə Bakıda qarşılaşıb. Azərbaycan çempionu bu oyunlarda 3:0 və 3:1 hesabı ilə qalib gəlib.