featured-image-20802

“Bura gəlməmişdən öncə bəlli planımız var idi. Bilirsiniz ki, bu mövsüm istirahət az oldu. Əvvəllər Antalyada 2 həftədən çox hazırlaşırdıq. Bu dəfə az oldu”.

Msport.az xəbər verir ki, bunu “Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Türkiyənin Antalya şəhərindəki təlim məşq toplanışında Qazaxıstanın “Jetısu” klubuna 2:0 hesabı ilə qalib gəldikləri yoxlama oyunundan sonra PFL-in rəsmi yutub kanalına açıqlamasında deyib.

42 yaşlı mütəxəssis hazırlıq prosesindən maksimum istifadə etdiklərini bildirib: “Çalışdıq ki, futbolçular yenidən əvvəlki tempə öyrəşsinlər. İlk yoxlama matçımız çətin keçdi. Bəzi futbolçulara istirahət vermişdik. İlk maçda oynamadılar. Amma vaxt keçdikcə istədiyimiz tempə çata bildik. Bu gün bəzi futbolçularımız 90 dəqiqə meydanda qaldı. Bu da normaldır. Gələn həftə bizi “Qarabağ”la ağır oyun gözləyir. Digər oyunçularımızı dünən ikitərəfli matçda sınamışdıq. Yalnız Cavid Tağıyevin yüngül zədəsi var. Ümumi götürsək, digər futbolçularımızdan istədiyimiz nəticələri ala bildik”.

O, yeni transfer Denis Marandiçin çıxışına da toxunub: “Əzmkarlığı xoşumuza gəlir. Əvvəlki klubunda az oynadığı üçün futbol üçün darıxıb. Ona inanırıq. Ən xoş olan odur ki, qısa zamanda kollektivə uyğunlaşdı. Oyun planında bu sistemdə çıxış etmək Marandiçə yad deyil. Milli komandada bu sistemdə oynayıb. Məncə, yoxlama görüşlərində pis təsir bağışlamadı. Amma çempionat oyunlarında ona bir az ağır olacaq. 1-2 turdan sonra ideal formasına düşəcək”.

Abbasovun sözlərinə görə, komandası mövsümün ikinci yarısına tam hazır deyil: “Kiçik zədələrdən sonra oyunçularda ağırlıq hiss olunurdu. İnanıram ki, çempionatdakı iki turdan sonra hər şey qaydasına düşəcək. Adətən fasilədən sonra ilk matçlar çətin olur. Komandada rəqabət var. Bu, bizi sevindirir. Getdikcə daha yaxşı oynayacağıq”.

Bənzər xəbərlər