featured-image-15172

Formula 1 Azərbaycan Qran Prisinin təşkilatçısı – Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəhbərliyinə dəyişiklik edildiyi açıqlanıb.

Msport.az xəbər verir ki, Maqsud Fərzullayev icraçı direktor vəzifəsini icra edən təyin olunub. Son 7 il ərzində bu vəzifədə çalışmış Arif Rəhimov fəaliyyətini özəl sektorda davam edəcək. Qeyd edək ki, Rəhimov mərhum Gənclər və idman naziri Azad Rəhimovun oğludur.

M. Fərzullayev Milli Gimnastika Arenasında icraçı direktor vəzifəsində çalışmış, 2015-ci ildə keçirilmiş Avropa oyunları və Bakıda keçirilmiş 2017 İslam Həmrəyliyi Oyunlarına, eləcə də, 2022-ci il Formula 1 Azərbaycan Qran Prisinin təşkilat komitəsində fəal iştirak edib.

“Maqsud Fərzullayev artıq uzun illərdir ki, ölkəmizin idman sahəsinin inkişafında yetərincə təcrübə qazanıb. Əminliklə qeyd edə bilərəm ki, o, yeni vəzifəsini layiqincə yerinə yetirəcək və mən də hər zaman ona bu sahədə dəstəyimi göstərməyə hazıram.” – deyə Arif Rəhimov söyləyib. Öz növbəsində, Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin bütün heyəti Arif Rəhimova gələcək fəaliyyətində uğurlar arzulayır.

Xatırladaq ki, yeni yarış təqvimində Formula 1 Azərbaycan Qran Prisi FIA Formula 1 Dünya Çempionatının beşinci yarışıdır və 28-30 aprel, 2023-cü il tarixlərində keçiriləcək.

Bənzər xəbərlər