featured-image-42437

Qış idmanının inkişafı və xizək fristaylının moqul növünün Azərbaycanda təbliği məsələləri yanvarın 24-də Azərbaycan Qış İdman Növləri Federasiyasının prezidenti Fuad Nağıyevlə Yaponiyanın moqul mütəxəssisi Jiro Miyamotonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə müzakirə olunub.

Federasiyadan Msport.az saytına verilən məlumata görə, görüşdə Azərbaycanda qış idman növlərinin inkişafına xüsusi diqqət ayrıldığını qeyd edən Fuad Nağıyev Dövlət Turizm Agentliyinin tabeliyində fəaliyyət göstərən “Şahdağ” Turizm Mərkəzinin Beynəlxalq Xizək Federasiyası tərəfindən dağ xizəyinin “slalom”, “giqant slalom” və “Super-G” növləri üzrə beynəlxalq yarışların keçirilməsi üçün sertifikat əldə etdiyini diqqətə çatdırıb.

O, “Şahdağ” Turizm Mərkəzində beynəlxalq səviyyədə moqul yarışlarının təşkili üçün lazımi infrastrukturun mövcud olduğunu və “Şahdağ”ın bu formatlı yarışları keçirtmək hüququ əldə etməsi üçün qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.

2023-cü ildə Şahdağ” Turizm Mərkəzində həm xizək həvəskarları, həm də təlimçilər üçün moqul üzrə master-klasların keçirildiyini bildirən Jiro Miyamoto Azərbaycanda bu idman növünün tanıdılması, xizəkçilər arasında marağın artırılması istiqamətində öz dəstəyini göstərə biləcəyini diqqətə çatdırıb.

Xizək fristaylının moqul növü 1988-ci ildən Qış Olimpiya Oyunlarına rəsmi idman növü kimi daxil edilib. Olimpiadada ekstremal idman növlərindən biri sayılan fristaylın bu növündən başqa akrobatika, ski-cross, xafpayp, sloupestayl və big air kimi növləri də mövcuddur. Yaponiyanın Azərbaycandakı səfirliyinin dəstəyi ilə ötən il “Şahdağ” Turizm Mərkəzində xizək idmanı ilə məşğul olanlar üçün moqul üzrə ilk master-klass təşkil edilib.

Növbəti master-klass yanvarın 27-28-də keçiriləcək.

Bənzər xəbərlər