Bakıda təlim-məşq toplanışı
Azərbaycanın 35 bölgəsindən olan bədii gimnastika üzrə məşqçilər üçün təlim-məşq toplanışı keçirilir.
Msport.az xəbər verir ki, Milli Gimnastika Arenasında baş tutan toplanışda 19 məşqçi iştirak edir.
Azərbaycan Gimnastika Federasiyasının (AGF) bölgələr üzrə meneceri Surxay Qarayev avqustun 4-dən başlayan toplanışın yüksək səviyyədə keçdiyini bildirib. O, hazırlıq prosesinin bölgədə olan məşqçilərin bilik və bacarıqlarının artırılması məqsədi daşıdığını vurğulayıb.
Bədii gimnastika üzrə yığmanın məşqçisi Elnarə Hüseynova AGF-nin həm məşqçilər, həm də gimnastlar üçün lazımi şəraiti yaratdığını diqqətə çatdırıb. Bölgə komandalarının baş məşqçisi vəzifəsini daşıyan mütəxəssis toplanışda isinmə hərəkətləri, rəqs dərsləri, alətlə və alətsiz hərəkətlərdə texnikanı inkişaf etdirdiklərini deyib.
Zaqatala “Ocaq” klubunda, eləcə də Şəki Olimpiya İdman Kompleksində məşqçi kimi fəaliyyət göstərən Safura Qurbanova yarıdılan yüksək səviyyəli şəraitə görə AGF rəhbərliyinə təşəkkür edib.
Qeyd edək ki, təlim-məşq toplanışı avqustun 9-dək davam edəcək.