Baş məşqçi və əsas müdafiəçi olmadan "Qarabağ" qarşısında
Azərbaycan Premyer Liqasının 30-cu turunun son oyununda “Sabah” öz meydanında “Qarabağ”ı qəbul edəcək. Ağdam klubundan 12 xal geri qalan Murad Musayevin komandasının rəqibinə çatmaq şansı demək olar ki, yoxdur. Amma ötən tur gözlənilmədən “Səbail”ə uduzuan “Sabah” doğma azarkeşləri önündə uğurlu nəticə qazanmağa çalışacaq. Həm də ev oyunlarını Masazırda keçirən klub bu mövsüm Qurbanovun komandası üzərində qələbə qazana bilməyib. Yəqin ki, Musayevdə də belə bir istək, hirs var ki, nəhayət, “Qarabağ”ı məğlubiyyətə uğratsın.
Amma rusiyalı mütəxəssis “Səbail”lə görüşdə qırmızı vərəqə aldığından cəzalıdır və bu gün texniki zonada komandasına rəhbərlik edə bilməyəcək. “Sabah”da digər itki isə əsas mərkəz müdafiəçisi Con İrrasabalın olmamasıdır. İspaniyalı müdafiəçi son oyunda qırmızı vərəqə görüb. Maraqlıdır ki, 26 yaşlı futbolçu “Qarabağ”la 22-ci turda keçirilən görüşdə də (1:1) cəzalı olduğu üçün oynamamışdı. 21-ci turda “Səbail”lə qarşılaşmada da indiki kimi İrrasabala “qırmızı”nı İnqlab Məmmədov göstərmişdi.
Ağdam təmsilçisində isə Elvin Cəfərquliyev bu gün komandasına kömək edə bilməyəcək. 22 yaşlı futbolçu sarı vərəqə limitini doldurub. Amma bu itki “Qarabağ”a çox da təsir etməməlidir. Onun yoxluğunda yəqin ki, müdafiənin sol cinahında Toral Bayramov çıxış edəcək.
AYXAN







