featured-image-21390

Azərbaycan Premyer Liqasının 19-cu turunun “Turan Tovuz” – “Qarabağ” oyunundan (2:3) sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, o, komandasından razı qaldığını söyləyib:

“Bəlkə də ən vacib 3 xalımızı qazandıq. Komanda hələ istədiyimiz kimi tam hazır deyil. 21 günlük toplanışdan sonra birbaşa bura gəlmişik, heç hələ Bakıya getməmişik. Futbolçularda bir qədər yorğunluq var idi. Bununla bağlı narahatlığım da var idi, bir az. Mən Ayxan Abbasovu təbrik etmək istəyirəm. Çox yaxşı hazırlıq keçiblər, yaxşı komanda formalaşdırıb. Qış fasiləsindən əvvəlkindən fərqli bir heyət, fərqli bir komanda idi. Çox gərgin oyunda vacib 3 xal qazandıq. Futbolçularımı da təbrik edirəm. Çalışacağıq ki, bir neçə turdan sonra komandanı daha yaxşı səviyyəyə çatdıraq”.

“Qarabağ”ın çalışdırıcısı “Turan Tovuz”un hesabı bərabərləşdirərkən hakimlərə nəyə görə etiraz etməsinə aydınlıq gətirib:

“Səhv etmirəmsə, Leoandro Andradenin epizodu ilə bağlı idi. Cərimə zərbəsi təyin etmək olardı, vermədi. Ona idi etiraz. Ondan əvvəl də bir neçə epizod oldu. Amma bu oyunun emosiyaları idi. Futbolçular nə qədər gərgin idisə, bəlkə də biz də o qədər gərgin idik. Bəzən gərəksiz hallarda oyun dayanırdı”.

Qurbanov qapıçı Luka Quqeşaşvilinin səhvi ilə bağlı suala isə konkret cavab verməyib: “Bu gün bütün komanda üzvlərinin çıxışından razı qaldım. Hazırda heç bir futbolçu özünün tam idman formasını bərpa etməyib. Bir aydan sonra yenə rəsmi oyuna çıxdıq. Hazırda bir düşüncəmiz var, əlimizdə olan futbolçuların ustalıq səviyyəsini artırmaq və onlara güvənmək”.

AYXAN 

Bənzər xəbərlər