“Beşiktaş” rəsmisi Juninyonu bəyəndi
Türkiyənin “Beşiktaş” klubunun idman direktoru Samet Aybaba “Qarabağ”ın futbolçusu Juninyonu bəyənib.
Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, mütəxəssis braziliyalı hücumçunun İstanbul təmsilçisinə xeyir verəcəyini düşünür.
Azərbaycan çempionunun UEFA Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04”lə Almaniyada keçirdiyi oyunu tribunadan izləyən Aybaba 27 yaşlı forvardın performansından məmnun qalıb. O, rəhbərliyə Juninyo ilə bağlı müsbət raport təqdim etmək qərarına gəlib.
“Ağ-qaralar” mövsümün sonunda keçidi reallaşdırmaq üçün “Qarabağ”la danışıqlar aparacaq. Juninyonun transfer dəyəri 1 milyon avroya bərabər göstərilir. Forvardın ağdamlılarla müqavilə müddəti 2026-cı ilin yayına qədərdir. (Report)
Qeyd edək ki, “Qarabağ”ın “Bayer 04”ə 2:3 hesabı ilə məğlub olduğu matçda Juninyo bir qola imza atıb.