Bəxtiyar Həsənalızadə: "Kəpəz" gedişimə problem yaratmadı" - MÜSAHİBƏ
Türkiyənin “Tuzlaspor” klubuna keçən Bəxtiyar Həsənalızadənin Msport.az saytına müsahibəsi
– Türkiyə klubuna keçidiniz necə baş tutdu? Yəqin ki, burada maliyyə şərtləri də rol oynadı…
– “Tuzlaspor”a keçidim gözlənilməz oldu. “Kəpəz”lə müqavilə bağlamışdım və bütün düşüncəm bu komanda ilə bağlı idi. Hətta Gəncəyə köçmüşdüm. Sadəcə, təklif qəflətən gəldiyi üçün “sarı-göylər”dən ayrılmalı oldum.
– “Tuzlaspor”dan təklif gələndə “Kəpəz” rəhbərliyi, baş məşqçi Azər Məmmədov buna necə reaksiya verdi?
– Azər müəllim həm gözəl insan, həm də gözəl məşqçidir. Əvvəldən rəhbərliklə də söhbətimiz olmuşdu. Bu səbəbdən təklifi normal qarşıladılar və mənə uğurlar arzuladılar. Heç bir problem olmadı.
– Müqaviləyə bənd salınmışdısa, deməli, belə bir variant gözlənilən idi…
– Başqa təkliflərim var idi, sadəcə, alınmırdı. Amma “Kəpəz”ə keçərkən heç bir variant yox idi. Tamamilə gözlənilməz oldu.
– Necə düşünürsünüz, çempionatın startı ərəfəsində “Kəpəz”i tərk etməklə komandanı pis vəziyyətdə qoymadınız?
– Dediyim kimi, danışığımız olduğu üçün problem yaratmadılar. Onlar da azərbaycanlı futbolçu kimi uğurumu istəyirlər.
– Artıq Türkiyədəsiniz. Yeni komandanızda sizi necə qarşıladılar?
– Komandaya yeni qoşulmuşam. Artıq rəhbərlik və məşqçi heyəti, eləcə də futbolçularla tanış olmuşam. Məşqlərdə iştirak edirəm. Çalışıram ki, qısa zamanda komandaya uyğunlaşım və əsas heyətdə şans qazanım.
– Bu mövsüm “Tuzlaspor”un hədəfləri nədən ibarətdir?
– Komandada yeni olduğum üçün, açığı, bu barədə heç kimlə danışmamışam. Sadəcə, burada hər il komandalar heyəti qurarkən ilk hədəfləri Superliqaya vəsiqə qazanmaq olur.
– Türkiyədə legioner sayılmayacaqsız. Bu amil daha çox oynamağınıza səbəb ola bilər?
– Düzdür, bu, bizim xeyrimizə olan qərardır. Amma burada yaxşı türk futbolçular da var. Heyətə düşmək elə də asan olmayacaq.
– Klubun infrastrukturu və şəraiti necədir? Sizi qane edir?
– Hazırda komanda başqa bölgəyə gəlib. Bildiyim qədərilə şəraiti yaxşıdır.







