"Bir aydır uduzmuruq, komanda güclənib" - Mutu
“Azərbaycanda işlərim indi daha yaxşı gedir”.
Msport.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Adrian Mutu Rumıniya mətbuatına müsahibəsində deyib.
44 yaşlı mütəxəssis “ağ-qaralar”ın böyük klub olduğunu bildirib: “Ona görə də hər kəs bizdən nəticə gözləyir. Artıq bir aydır məğlub olmuruq, komanda güclənib”.
Premyer Liqanın XVII turunda “Qarabağ”a qarşı keçirəcəkləri oyun barədə də danışan rumıniyalı çalışdırıcı bu görüşün son 10 ildə əsl ənənəyə çevrilmiş derbi olduğunu vurğulayıb: “Ağdam klubu son 10-15 ildə çox böyüyüb. Bizi çətin oyun gözləyir. Rəqibimiz yaxşı və keyfiyyətli komandadır. Rəqibimiz bunu avrokuboklardakı çıxışı ilə sübut edib. Onlar Çempionlar Liqasının qrup mərhələsində də oynayıblar”.
O, adının ölkəsinin ÇFR komandası ilə hallanmasına da münasibət bildirib: “Məni bu komanda ilə heç nə bağlamır. Real olmayan mövzu ilə bağlı heç bir şərhim yoxdur. Düzdür, hər zaman Rumıniyada işləməyi sevdiyimi demişəm. Amma hazırda bütün fikrimi Azərbaycandakı karyerama yönəltmişəm. İndi məni yalnız “Neftçi” maraqlandırır”.
Qeyd edək ki, Adrian Mutu cari mövsümün əvvəlində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.