"Bir ildə çox cərimə ödəmişəm" - Murad Musayev
“Sabah”ın baş məşqçisi Murad Musayev Azərbaycanda onu təəccübləndirən hadisələrdən danışıb.
Msport.az “sports.ru”ya istinadən xəbər verir ki, rusiyalı mütəxəssis mənfi cəhət kimi avtomobillərin idarə olunmasını misal çəkib: “İnsanların özlərini yolda necə aparması məni təəcübləndirdi. Əgər 4 zolaqlı yolda gedirsənsə və qarşıda sağa və ya sola döngə varsa, heç kim menevri öz yolunda başa vurmayacaq. Onlar dörd zolağı 6-ya çevirirlər, döngəyə çatanda isə yolu kəsirlər.
Heç cür öyrəşə bilmirəm ki, “povorotnik”i yandırmadan beş santimetrliyimdə kimsə mənim cərgəmə keçməyə çalışır. Demək olar ki, heç kim yol vermir, buna da öyrəşməmişəm. Krasnodarda yol verirsən, sənə təşəkkür əlaməti olaraq, “avariyka”nı yandırıb-söndürürlər. Burda belə şey yoxdur. Piyada zolağını yalnız tez qaçaraq keçə bilərsən. Piyadanın başqa şansı yoxdur.
Özü də burda çoxlu kameralar var, hətta kəmərin taxılmamasına görə də cərimələr gəlir. Polis bütün şəhərdə gəzir və qanunu pozanları müəyyənləşdirir. Əlində telefon sürən yerdə səni saxlaya bilərlər – “cərimə”. Polis hətta tindən çəkir ki, sönüb-yanan işqforu necə keçirsən. Bir il ərzində çox cərimə ödəmişəm.
Bir dəfə kompleksdən çıxan kimi polis saxladı. Maşının beş metrliyində dayanıb qışqırır ki, “mən yaxın gələ bilərəm”? Deyirəm, niyə soruşursuz? Cavab verdi ki, “sizin həyat yoldaşınız qabaqda oturub, mən soruşmalıyam”. Yaxınlaşıb qayıtdı ki, “bilirsiniz, qaydanı pozmusunuz”? Yox. “Siz mopedi buraxmadız”. Dedim, Bakıda axı heç kim heç kimə yol vermir, nə problem var ki? Soruşdu, hardanam və “yaxşı yol” deyib getdi. Amma adətən buraxmırlar, burda yol polisi ciddidir”.