featured-image-26857

Azərbaycan Premyer Liqasının XXVIII turunun “Sabah” – “Qəbələ” oyunundan (3:2) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.

Msport.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi…

– Azarkeşlərimizi və klubu təbrik edirəm. Avrokuboklara vəsiqəni təmin edərək, tarix yazdıq. Vacib qələbə idi. Ümid edirəm ki, gələcəkdə daha çox tarix yazacağıq. İlk hissədə erkən qol buraxdıq. Bu, bizə mənfi təsir etdi. Yarımmüdafiədə inamlı çıxış etmirdik. Fasilədən sonra əvəzetmələr etdik və qələbə qazana bildik. Qarşılıqlı hücumlar şəraitində keçən oyun oldu. “Qəbələ” çox yaxşı futbol oynayır. Onlara uğurlar arzu edirəm.

– Avrokuboklara vəsiqə maksimum hədəf idi, ya gümüş medalçı olmaq hədəfi var?
– Avrokuboklara vəsiqə qarşımıza qoyulan məqsəd idi. Rahatlaşmırıq, daha yaxşı nəticələr əldə edə bilərik. Böyük işlər görmüşük, irəli getmək lazımdır. Qalan 8 oyunda yaxşı oynamalıyıq.

– Futbolçular oruc açanda nəyə etiraz edirdiz?
– Bu məsələyə hörmətlə yanaşıram. Rəqibin 9 nömrəsi fasilə verdi, orucunu açdı. Sonra qısa müddətdən sonra yenə futbolçular orucunu açdı. Deyirdim ki, fasilə olursa bir dəfə olsun.

– Milli komandanın köməkçi məşqçisi Arif Əsədov milli üzvlərinin fiziki durumunun yaxşı olmadığını dedi. Buna münasibətiniz nədir?
– Aleksey İsayev İsveçlə oyuna əsas heyətdə başladı. O, əla formada idi. Bəxtiyar Həsənalızadənin fiziki durumu isə pis idi, əlindən zədə almışdı. Bunlar sirr deyil. Lakin “Sabah”ın fiziki durumu qaydasındadır. Milli üzvlərinin fiziki formasının pis olduğunu deyə bilmərəm. Komanda olaraq yaxşı durumda idilər. Bizim komandaya gəlincə, keçmiş klubum “Krasnodar”la müqayisə etsəm, onlarla fərq görmürəm. Fiziki durumumuz yaxşıdır. Ümumi götürsək, çempionatın daha yaxşı olması üçün oyunlarda fasilə az olmalıdır. Nəticəyə oynayan komandalar vaxtı uzadırlar. Hakimlər bu cür şeylərə qarşı çox sərt olmalıdər. Çünki Avropada bu tip hallar keçmir. Hakimlər buna icazə vermir.

– Millinin Avstriyaya məğlubiyyətindən sonra Yusif İmanov və Bəxtiyar Həsənalızadə çox tənqid olundu. Onların psixoloji problemləri yoxdur?
– Bəxtiyar hazır deyildi, məşq etməmişdi. Bu mövzuya toxunmamaq lazımdır. Yusifə gəlincə, bəzən belə səhvlər böyük təcrübə qazandırır. O,  üzərində çox çalışıb, daha yaxşı olmalıdır.(Futbolpress)

Bənzər xəbərlər