featured-image-16679

“Turan Tovuz”un baş məşqçisi Ayxan Abbasov Misli Premyer Liqasının 3-cü turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 0:2 hesabıyla uduzduqları matçdan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib:

“Möhtəşəm gün idi. Zəfər bayramımızın ikinci il dönümünü, eləcə də Bayraq gününü qeyd edirdik. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Tovuzlu azarkeşlər üçün bayram idi. Çünki “Qarabağ”ın gəlişini çoxları səbirsizliklə gözləyirdi. Hər iki komandanın azarkeşləri gözəl atmosfer yaratmışdılar. Oyuna gəldikdə, xal ehtiyatımızı artırmaq istəyirdik. Amma heyətdə ciddi itkilərimiz var idi. Gənc futbolçular üçün “Qarabağ”a qarşı oynamaq fürsət idi. Diqqətimizi qarşıdakı oyunlara yönəltməliyik. Təslim olmaq fikrimiz yoxdur. Oyundan sonra futbolçuara da dedim ki, bizi qarşıda 3 gün sonra “Kəpəz”ə qarşı daha çətin matç gözləyir.

Oqebukvu Henri sarı vərəqə cəzalısı idi, Natan Oduva artıq zədəsini bərpa edib. Böyük ehtimalla, “Kəpəz”ə qarşı oynayacaq. Digərlərinin durumu hələlik qeyri-müəyyəndi.

Kamal Bayramov təcrübəli qapıçıdı. Özü də tovuzludu, sevə-sevə doğma rayonunun komandasına qoşulub. Tərlan Əhmədlinin ağrıları olduğu üçün bu gün Kamala şans verdik. Ümumən böyük bir səhvi olmadı. Elə də geniş heyətimiz yoxdur. Ehtiyat qüvvəmiz gənclərdir. Onlara güvənirik. Ehtiyatdakı oyunçuların da 3-ü zədəli idi. Bu, məşqçilərə problem yaradır. Bunu bilirik və keçməliyik. Burada kəndlər var ki, yaxşı meydançalar salmaq olar. Bunsuz mümkün deyil ki, futbolda böyük addımlar atasan.

“Kəpəz”də irəliləyiş görünür. Evdə daha yaxşı çıxış edirlər. Bu mövsüm sona qədər mübarizə olacağını bilirdik. Çətin oyun olacaq. Bir az sıx qrafikdə oynadıq. Bu da təsir edəcək. Nələrsə dəyişib hazır olmalıyıq.

Stadionu təbii örtüklü meydança etsək, büdcəmiz qalmayacaq. Təbii edib, komanda olmamasındansa, sünidə oynamaq daha yaxşıdır. Mən də məşqin keyfiyyətində fərqi hiss edirəm. Bəzi legionerlər süni örtük görməyiblər. Zədələr olur. İnkişaf istəyiriksə, hamısı dəyişilməlidir. Tovuzda təbii meydança olsa, 3 dənə də yardımçı meydançamız olmalıdır. Buna vaxt lazımdır. İndi bunu tələb etmək olmaz. Hələ digər problemləri həll edirik. 10-12 il əvvəl Sumqayıt, Qəbələdə elə meydançaların olacağı bilinmirdi. Amma yaradıldı”.

Abbasov bəzi legionerilərin digər klubların maraq dairəsində olduğuna dair xəbərlərə də münasibət bildirib: “İstəyərik ki, öz komandamızın onurğasını saxlayaq. İlk ilimizdir, yeni futbolçular var. Çətinlik çəkirik. Yayda problem yaşamamaq üçün əvvəldən klubun büdcəsi bilinməlidir və danışıqlara başlamalıyıq. Klub inkişaf etmək istəyirsə, 1 illik müqavilə olmamalıdır. Azı 3 illik olmalıdır. “Sumqayıt”da da belə çətinlik çəkirdik. Avrokuboka çıxan komandadan 8-9 futbolçu getmişdi. İndi oyunçularımıza təklif gəlməsi normaldır. Amma müqavilələri 2-3 illik etməliyik. Yaxud futbolçuları satmağı düşünməliyik ki, maliyyə qazanaq. Belədə başqa oyunçu dəvət edə bilərik. Klubların büdcəsi əvvəldən bilinməlidir. İndi növbəti yayı fikirləşə bilmirik. Hələlik bu mövsüm üçün vəd etdiklərimizi yerinə yetirməyə çalışırıq. Legioner gedəndə də yaxşı getməlidir. Maliyyəmiz olsa, qışda da oyunçu gətirə bilərik. Amma indi bu, güclənməyimizə imkan vermir”.

Baş məşqçi “Şamaxı” ilə matçdan sonra azarkeşlərlə bağlı dediklərinin narazılıqla qarşılanmasına da toxunub: “Azarkeşləri kateqoriyaya bölməmişəm. Mən fikirləşirəm ki, iki cür azarkeş var. Biri hər gün klubun yanında olanlar, digəri tamaşaçılardır. Oradakı məqam azarkeşlərə aid deyil. İnkişaf istəyiriksə, tribuna da inkişaf etməlidir. Bu gün tribuna möhtəşəm idi. “Qarabağ” tərəfi dedi ki, sanki evdə oynayırdıq. Bəzi azarkeşlərin gəlib hansısa ifadələr işlətməsi futbolçuları həvəsdən salır. Yeni komanda qurulub. Azarkeşlər futbolçuları həvəsdən sala bilər. Futbolçular bura gələndə belə məqamlarla da maraqlanır. O söhbətin də xeyiri oldu. Son 4-5 gündə böyük dəstək gördük. Məşqlərimizə gəldilər, zənglər etdilər. Hirslənənlər də başa düşdülər ki, heç kimi təhqir etmək olmaz”.

Bənzər xəbərlər