featured-image-24849

Azərbaycan  Premyer Liqasının 26-cı turunun “Kəpəz” – “Zirə” (1:1) oyunundan sonra qonaqların baş məşqçisi Rəşad Sadıqov fikirlərini bildirib. Msport.az xəbər verir ki, o, komandasından çox razı qaldığını deyib:

“Mümkün şəraitdə göstərdikləri mübarizə, göstərdikləri istək məni çox razı saldı. Bundan artığını eləməyə şərait yox idi. Biz daha çox topla oynamağı sevən komandayıq. Heyətimizdə çoxsaylı texnikalı futbolçular var. Dünən meydanın vəziyyətini gördükdən sonra 1-ci hissədə əsas heyətin bir çox aparıcı futbolçusunu oynatmırdıq. Daha texnikalı oyunçuları ehtiyatda saxlamışdıq.

Əslində birinci hissə pis getmirdi, sadəcə yenə kobud səhvdən qol buraxdıq. Ondan sonra məcbur olduq böyük qüvvə ilə irəli atılaq. İkinci yarının əvvəli bizim tərəfimizdə idi. Rəqib bu meydançaya xas oyunla – uzun ötürmələr, standart vəziyyətlər – qapımızda müəyyən problemlər yaşatdı. O dəqiqələrdə 2-ci qolu buraxmamaq çox önəmli idi. Paltardəyişmə otağında da demişdim ki, 2-ci qolu buraxmayana qədər oyunu çevirmək şansımız var. Çox yaxşı kombinasiyadan sonra penalti qazandıq. Bir qol epizodumuz da oldu. Orda zərbə bir az daha dəqiq olsaydı, bəlkə də qələbə qazana bilərdik. Amma düşünürəm ki, oyunun ədalətli nəticəsi bərabərlikdir”.

Rəşad Sadıqov komandasının motivasiya cəhətdən probleminin olmadığını bildirib:

“Təbii ki, 3-cü pilləni tutmaq real deyil. Çox uzaq düşmüşük. Bütün fikrimizi 4-cü yerə bağlamışıq. Biz öz işimizi görəcəyik və görürük. Qismət nədirsə, o olacaq. Bizim üçün çempionatı 4-cü yerdə bitirmək önəmlidir. Gerisinə biz qarışmırıq, Allahın işidir. Məsləhət olsa, Konfrans Liqasına düşərik. Hər şeyi də Konfrans Liqasının ətrafənda qurmuruq. Yaxşı, mobil, müasir futbol oynayan bir komanda formalaşdırmaq istəyirik. Bir çox oyunlarda çoxsaylı xal itkilərimiz oldu. Həmin matçlardan qələbə ilə ayrılsaydıq, yəqin ki, ilk “üçlük”də olardıq. Təəssüf ki, müəyyən oyunlarda çoxsaylı xal itkilərinə yol vermişik. Lakin bu gün açığı, bu şəraitdə biz 1 xal qazandıq”. (CBC Sport)

AYXAN 

Bənzər xəbərlər