“Bundan sonra daha ciddi olacaq” - Azər Məmmədov
Azərbaycan Premyer Liqasının I turunun “Kəpəz” – “Neftçi” oyunundan (1:0) meydan sahibi komandanın baş məşqçisi Azər Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Msport.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib.
– “Kəpəz” köklü klubdur və “Neftçi”dən geri qalmır. İlk oyunda keçmişin derbisinə şahid olduq. Eyni zamanda mənim də sınağım idi. Sevincliyik, hər şeyə rəğmən daha çox çalışmalıyıq. Çatışmazlıqlarımız var. Rəhbərlik əlindən gələnin artığını edir ki, yaxşı olaq. Bir neçə transfer olacaq.
– Futbolçu kimi çıxış etdiyiniz komandaya rəhbərlik edirsiz…
– “Kəpəz”in baş məşqçisi olmaq elə-belə şey deyil. Sevinirəm ki, bu vəzifədəyəm. Qarşımızda uzun vaxt var. Ağrılı və sevincli güclərimiz olaq. Bu gün “Neftçi”ni udduq və böyük iş gördük deyə bir şey yoxdur. Artırmalıyıq.
– Danışıq apardığınız oyunçular yerlidir?
– Çox futbolçu ilə danışırıq. Keçmiş Yuqoslaviyadan olan oyunçularla danışmışıq. Bura region kimi baxırlar və çox futbolçu Bakını istəyir. Etiraf edək ki, maliyyə gücümüz də o deyil. Bakıya 5 min maaşa gəlirlərsə, bizdən daha çox istəyirlər. Bəzi futbolçuların ailələri razılaşmır. Tezliklə 3 transfer düşünürük. Ola bilər üçü də legioner olsun. Hələ razılıq əldə olunmayıb.
– Hansısa oyunçunun müqaviləsində bənd varmı ki, xaricdən təklif gəlsə, azad agent olsun?
– Bəxtiyar Həsənalızadə ilə çoxdan tanışlığımız var. Bizdən bir az çox pul istəyirdi, amma şəxsi tanışlığımıza görə məbləği azaltdıq. Hardasa ikiqat az maaş… Xahiş etdi ki, müqaviləyə belə bənd qoyulsun.
– Sizi autsayder kimi göstərirdilər. Yəqin, bundan sonra ciddiyə alacaqlar…
– Bəli, bundan sonra ciddi qəbul edərlər. Qələbədə əziyyəti olan futbolçularıma təşəkkür edirəm. Ümumiyyətlə, “Kəpəz”ə həmişə ciddi yanaşırlar. Bundan sonra daha ciddi olacaq.







