featured-image-16802

“Şamaxı”nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın 14-cü turu çərçivəsində “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib.

Msport.az xəbər verir ki, o, 4:2 hesabıyla qalib gəldikləri matçdan sonra təşkil edilən mətbuat konfransında bunları söyləyib:

“Oyuna çox ciddi hazırlaşmışdıq. Çünki Samir Abasovun gəlişindən sonra “Sumqayıt”da ciddi dəyişikliklər olmuşdu. “Neftçi”yə qarşı oynadıqları oyun da bunu göstərdi. 3-4 oyunlarını analiz etdik və boşluqlarını gördük. Yarımmüdafiə və müdafiə xətti arasında boşluqları var idi. Bilirdik ki, onlar cərimə meydançasının içərisində kompakt oynayırlar. Belədə, demək ki, cinahlarında boşluqları var idi. Cinahların aktiv olmasına çalışdıq. Hazırlaşdıq və uşaqlar verilən tapşırıqları istədiyimiz kimi yerinə yetirə bildilər. Baxımlı və əzmkar futbol oynadılar. Bəzən deyirlər ki, hər dəfə eyni sözləri danışıram. Amma bu uşaqlara güvənmək lazımdır. Hər dəfə qeyd edirdim ki, oyundan-oyuna inkişaf edəcəyik. Çünki onların necə hazırlaşdıqlarını görürük. Bu da özünü göstərir. İş günü olsa da, azarkeşlər bizi tək qoymadılar. Onlara da təşəkkür edirəm. “Sumqayıt”a da gələcək matçlarda uğurlar arzulayıram.

Əvvəlki oyunlarımızda da qol imkanları yaradırdıq, amma reallaşdıra bilmirdik. Məşqlərdə futbolçularımızla fərdi də işləyirik ki, epizodu qola çevirsinlər. İkinci dövrə başlayandan hər oyun qol vururuq. Məğlub da olmuruq. Bu, sevindiricidir. İki oyun qələbə qazanmaq da hər şey demək deyil. Çünki futbolçuların üzərində təzyiq olur ki, təsadüfi qələbə qazandılar. Sevinirik ki, qolları hücumda olanlar vurur”.

Vüqar Əsgərli texniki zonada daha çox Cavid Hüseynovun ayaq üstə olmasına da münasibət bildirib. O, hətta eyni maaşa çalışdıqlarını da bildirib:

“Cavid və Vüqar eynidir. Hərəmizin öz işi var, bunu bölüşdürmüşük. Məşqlərdə və texniki zonada öz işimizi görürük. Fərqi yoxdur, hər ikimiz eyni fikirləşirik. İkimizdən biri olmasa da, futbolçular eyni fikirlə davam edirlər. Maaşa gəlincə, bizim üçün pul o qədər önəmli deyil. Eyni dəyəri alırıq. Bura gələndə ağ kağız vermişdik və maaşın o qədər də önəmli olmadığını bildirmişdik. Çünki ilk işimizdir və özümüzü göstərmək istəyirdik”.

Bənzər xəbərlər