featured-image-29394

Azərbaycan Premyer Liqasının 33-cü turunun “Sumqayıt” – “Səbail” oyunundan (1:3) sonra qonaqların baş məşqçisi Şahin Diniyev fikirlərini bildirib. Msport.az xəbər verir ki, o, əvəzetmələrin özünü doğrultduğunu vurğulayıb:

“Qarşılıqlı hücumlar şəraitində keçən bir oyun oldu. Çempionatın axırına 4 tur qalmışdı və bu dörd görüşün hər biri bizim üçün final deməkdir. Nəticədən əlavə komandanın oyunundan da çox razı qaldım. Birinci hissədə də üstün futbol oynadıq, meydanda dominant tərəf biz idik. Orta sahədə üstünlüyü ələ almışdıq, sadəcə son nöqtələr çatmırdı. “Sumqayıt”ın oyununu analiz edəndə görmüşdük ki, 60-cı dəqiqədən sonra bir az yorğunluq yaranır. Bəzi futbolçuları rotasiya etmək üçün sonradan meydana buraxmağı lazım bildim. Həm Qomisi, həm Zakpanı, həm də Mazureki. Bunlar da öz töhvəsini verdi. Mənə elə gəlir, komanda bu gün qələbəyə layiq futbol göstərdi.

Sürətli, hücumda yaxşı oynayan futbolçuları ikinci hissəyə saxlamışdıq. Birinci hissədə futbolçularım meydanın hər qarışı uğrunda mübarizə apardı. Sadəcə bir gözlənilməz qol bizim planımızı pozdu. Düşünürəm ki, ikinci hissədə etdiyimiz əvəzetmələr yerində oldu və komandaya güc, sürət, həm də ən başlıcası keyfiyyət qatdılar.

Hələ çempionatda qalmaq işimizi həll etməmişik. 3 xallıq sistemdə 2 xal qabaqda olmaq böyük üstünlük deyil. Onu da nəzərə alaq ki,  “Şamaxı” ilə oyunumuz var. Bu gün “Şamaxı”nın göstərdiyi oyun da çox xoşuma gəlir. Gənclərdən, yerli futbolçulardan qurulmuş mübarizə aparan bir komandadır. Bundan sonra qalan 3 oyun son görüş kimi olacaq. Çox çalışacaq ki, son tura saxlamayaq. Bunun üçün də həm Tovuzda “Turan”la, həm də evdə “Qarabağ”la ən yaxşı oyunumuzu göstərməliyik”. (CBC Sport)

AYXAN 

Bənzər xəbərlər