Daha iki boksçumuz medalı təmin etdi
Azərbaycanın daha 2 boksçusu Monteneqronun Budva şəhərində keçirilən Avropa Kubokunda medalı təmin edib.
Msport.az xəbər verir ki, yarımfinala yüksələn Tayfur Əliyev (60 kq) və qardaşı Sərxan Əliyev (71 kq) ən azı bürünc medalı rəsmiləşdiriblər.
T.Əliyev 1/4 finalda Rusiyanı təmsil edən Arşak Tovmasyanı 4:3 hesabı ilə məğlub edib. O, finala gedən yolda fransalı üçqat dünya çempionu Sofyan Umia ilə döyüşəcək.
S.Əliyev isə bu mərhələdə Miroslav Kapulerdən (İsrail) güclü olub. Görüşün taleyini ilk raundda həll edərək, tam üstünlüklə qalib gələn boksçu yarımfinalda polşalı Damian Durkajla münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, bundan əvvəl Azərbaycan millisinin 3 boksçusu yarımfinala yüksəlib. Finala yüksəlmək üçün Tural Sarıyev (48 kq) Rusiya təmsilçisi Artiş Soyanı, Malik Həsənov (63,5 kq) israilli Ahmat Ştivini, Mirşərif Kazımzadə (75 kq) isə Rusiyanın digər boksçusu Cambulat Bijamovu (Rusiya) üstələməlidir.