featured-image-20806

“Komandada dəyişiklik gözə çarpacaq dərəcədədir. Futbolçuların məşqlərə yanaşması, hazırlıq mərhələsində etdikləri bizi qane etdi”.

Msport.az-ın məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Samir Abasov Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışının yekunları barədə klubun rəsmi saytına açıqlamasında deyib.

45 yaşlı mütəxəssis bildirib ki, hazırlığın bəhrəsini fasilədən sonra görəcəklər: “Ümumi olaraq, toplanışdan razı qaldığımı düşünürəm. Heyətə bir neçə yeni futbolçu dəvət etmişik, lakin transferlərimiz hələ bitməyib. Daha iki mövqeyə axtarışlarımız davam edir. Hazırlığımız və təlim-məşq toplanışı ərzində müsbətə doğru etdiklərimizin Premyer Liqa oyunlarına necə təsir edəcəyini zaman göstərəcək. Yeni gələnlər və bəzi futbolçularımız tam hazır olduqdan sonra bizim üçün daha yaxşı olacaq”.

Təcrübəli baş məşqçi Rusiyanın “Krılya Sovetov” komandasına 0:1 hesabı ilə uduzduqları sonuncu yoxlama matçına da toxunub: “Düşünürəm ki, oyun pis alınmadı, futbolçularım özlərini yaxşı tərəfdən göstərə bildilər. Rəqibimiz Rusiya Premyer Liqası təmsilçisi idi. Güclü komandaya qarşı pis təsir bağışlamadıq. Rəqib istər-istəməz oyunçularımızı meydanda qaçırtdı ki, bu da bizim üçün olduqca əlverişli idi. Oyundan sonrakı analizdə isə taktiki gedişlər və səhvlərimizi incələyərək futbolçularla müzakirə edəcəyik. İlk yarıda daha dinamik təsir bağışlayan komandamın oyunu məni qane etdi. İkinci hissədə bəlkə rəqibin daha çox qaçmağı, bizim yorğun olmağımız və akademiyanın oyunçularını meydana buraxmağımız öz oyunumuzdan çıxmağımıza gətirib çıxardı. Fikrimcə, ilk yoxlama görüşündən daha yaxşı təsir bağışladıq”.

Qeyd edək ki, “Sumqayıt” Türkiyədə keçirdiyi ilk yoxlama görüşündə Serbiya klubu “Radnik”i 2:1 hesabı ilə məğlub edib.

Bənzər xəbərlər