featured-image-17116

“Öncə millimizə qarşıdakı oyunlarda uğurlar arzulayıram. İnanıram ki, bugünkü matçda qələbə qazanaraq, bizləri sevindirəcək”.

Bunu Msport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Emin İmaməliyev Moldova ilə keçiriləcək yoldaşlıq oyunu barədə danışarkən deyib.

O, bildirib ki, hazırda dünya futbolunda zəif rəqib yoxdur: “Bütün ölkələr futbol oynamağı yaxşı bacarırlar”.

Millinin heyətinə də toxunan İmaməliyev Qara Qarayevlə Rəhim Sadıxova dəvət göndərilməməsini bu cür şərh edib: “Bunu daha yaxşı baş məşqçi Canni De Byazi bilər. Yəni, kimi çağırıb-çağırmamaq onun seçimi və qərarıdır. Hamı istəyər ki, millimiz daha yaxşı heyətə malik olsun. Amma yenə də qərarı baş məşqçi verir”.

Hazırda U-21 yığmasında Samir Əliyevin köməkçisi olan mütəxəssis Şimali Makedoniya ilə keçiriləcək yoldaşlıq görüşündən də söz açıb: “Hər iki rəqib fərqli oyun nümayiş etdirir. Məşqçilər korpusu komandaları analiz etdikdən sonra oyunçulara onların zəif və üstün cəhətlərini deyir. Odur ki, hər iki matça hazırlıq gedir. Moldova ilə müqayisədə Şimali Makedoniya seçməsi bir az üstündür. Amma yığmamız son oyunlarda göstərdi ki, hər bir rəqibə qarşı oynamaq olar”.

İmaməliyev De Byazi ilə müqavilənin uzadılmasına da münasibət bildirib: “Son 3 oyunda qələbə qazandıq. Futbolçular yaxşı oyun sərgilədilər. Məncə, bu səbəbdən millidə qalması doğru qərardır”.

Qeyd edək ki, bu gün keçiriləcək Moldova – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Bənzər xəbərlər