“Əsas taktikamız müdafiə olunmaq idi” - Mixal Bilek
Çexiyanın “Viktoriya” (Plzen) komandasının baş məşqçisi Mixal Bilek UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri ilk oyunu şərh edib.
Msport.az xəbər verir ki, o, Bakıda baş tutan və qolsuz bitən matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
– Rəqibə böyük hörmətimiz var. Açıq oynasaydıq, matç daha sürətli və qaynar keçərdi. Əsas taktikamız müdafiə olunmaq idi.
– Oyunun nəticəsi sizi qane etdi?
– Bu nəticədən razıyıq. Bizi daha ağır cavab oyunu gözləyir. Buna xüsusi hazırlaşacağıq. Matçdan əvvəl “Qarabağ”ın gücünü bilirdik. Çox güclü komandaları mübarizədən kənarlaşdırıb. Amma bizim də şanslarımız oldu. Cavab matçında daha şanslı olacağıq.
– Komandanız çox kobud oynayırdı. Səhv etmirəmsə, əsas müdafiəçilərinizdən biri cəzalı duruma düşdü…
– Düşünmürəm ki, futbolçular çox aqressiv idi. İrəli getmək üçün tələsirdik. Ola bilsin, bu sürət belə görünüb. Normal və aqressiyasız oynadıq. Bəli, bir oyunçumuz cəzalı duruma düşdü. Amma biz onsuz da güclüyük.
– Qapıçınızın oyununu necə qiymətləndirirsiz?
– Kifayət qədər yaxşı oynadı. Çexiyada ən yaxşılardandır. Cavab matçında da formasında olacaq və yüksək səviyyədə çıxış edəcək.
– Bu nəticənizi qapıçınızın adına bağlamaq olar?
– Bu hesab ədalətli nəticə idi. Hər iki komandanın şanslarını bərabər görürəm.
– Ümumi atmosferi necə qiymətləndirirsiz? Azarkeşlər sanki sizin komandanıza qarşı aqressiv idilər…
– Düşünmürəm ki, aqressiya göstərdilər. Əksinə çox gözəl atmosfer var idi. Düşünürəm ki, Çexiyada da azarkeşlərimiz belə ab-hava yaradacaqlar. Fanatların bizi fitə basması aqressiya deyil.
– 6 il əvvəl “Qarabağ”ı səfər qolu ilə keçmişdiz. Cavab matçında sizə nə kömək edəcək?
– Əsas məsələ odur ki, yenə qapımızı toxunulmaz saxlayaq.