Fərid Qayıbovun maraqlanmağı və uçuq-sökük zaldakı gələcəyimiz
İki gün öncə mətbuatda “gənclər və idman naziri Fərid Qayıbov Bakı şəhərinin bəzi kənd və qəsəbələrində idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb” xəbəri gözümə dəydi. Əslində sıradan, adi xəbərdir və tez-tez müxtəlif nazirlərin bu cür görüşlərinin şahidi oluruq. Sadəcə Nardaran, Pirşağı-Kürdəxanı idman zalı və Maştağa Olimpiya Kompleksinə baxışdan çəkilən fotolardan biri diqqətimi cəlb elədi.
9-10 yaşlı uşaqlar qaranlıq, divarının rəngi çoxdan getmiş, rütubətli zalda deyəsən, boksla məşğul olurlar. Düzü, xəbərdə aydın göstərilmədiyindən bu zalın Nardaran, yoxsa Pirşağı və ya Kürdəxanıda olduğunu bilmədim. Amma bunun elə bir ciddi önəmi də yoxdur. Əsas odur ki, Bakının yaxınlığında yerləşən qəsəbələrdə uşaqlar hələ də bu cür bərbad zallarda məşq edirlər. Ümumiyyətlə, ölkədə N qədər Olimpiya Kompleksləri olsa da, uşaqların normal məşq keçmələri üçün hələ də zal qıtlığı var. Rayon mərkəzlərindən xeyli aralıda tikilən Olimpiya Kompleksləri isə sanki görüntü üçündür.
İdman ölkəsi kimi tanınan Azərbaycanda 2022-ci ildə hələ də yeniyetmələrin bu cür yararsız məkanlarda məşğul olması təəssüf doğurur. Ümid edək ki, Fərid Qayıbovun “idman mərkəzlərinin fəaliyyəti ilə maraqlanıb” məsələsi ancaq maraqlanmaq səviyyəsində qalmayacaq, əməli addımlar atılacaq.
MSPORT.AZ