FİFA reytinqi: Millimiz gerilədi
Milli komandamız FIFA reytinqində 3 pillə geriləyib. Msport.az xəbər verir ki, yığmamız hazırda 1142 xalla 124-cü yeri tutur.
Canni De Byazinin komandasının Avro-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyətləri reytinqdə geriləməyə səbəb olub.
Reytinqin zirvəsində dəyişiklik baş verib. Son dünya çempionatının qalibi Argentina millisi 1-ci yerə yüksəlib. Fransa yığması ikinci pilləyə irəliləyibsə, əvvəlki reytinqin lideri Braziliya üçüncü sıraya düşüb.
İlk “6-lıq”: 1. Argentina – 1840 xal, 2. Fransa – 1838, 3. Braziliya – 1834, 4. Belçika – 1792, 5. İngiltərə – 1792, 6. Niderland – 1731
AÇ-2024-ün seçmə mərhələsində millimizlə bir qrupda mübarizə aparan komandalardan Belçika 4-cü pillədədir. Hesabında 1558 xal olan İsveç 22-ci yeri tutur. Avstriya seçməsi 32-ci sıradadır – 1508. Estoniya (1182 xal) 108-ci pillədə qərarlaşıb.