İnqilab Məmmədovla Murad Musayevin daha bir görüşü - 3-cü dəfə qırmızı olacaqmı?
Bu gün keçiriləcək Azərbaycan Premyer Liqasının 35-ci turunun “Sabah” – “Zirə” oyununu İnqilab Məmmədov idarə edəcək.
Msport.az xəbər verir ki, görüş meydan sahibləri üçün formal xarakter daşısa da, qonaqlar 4-cü yer uğrunda mübarizə aparırlar.
Məmmədova təyinat verilməsi “Sabah”ın baş məşqçisi Murad Musayevin heç ürəyincə olmayacaq. 40 yaşlı referi cari mövsümdə iki dəfə rusiyalı məşqçiyə qırmızı vərəqə göstərib.
İlk dəfə Premyer Liqanın 6-cı turunda “Qarabağ” – “Sabah” oyununda (4:3) Musayev texniki zonadan qovulmuşdu. Bu həmin matçdır ki, aut atışını hakimlər səhv istiqamətə vermiş və Ağdam klubu topu oyuna daxil edərək qol vurmuşdu. “Sabah”ın baş məşqçisində məhz həmin matçdan sonra Məmmədova qarşı nifrət yaranıb.
29-cu turda “Səbail” – “Sabah” qarşılaşmasında (2:1) yenidən Məmmədovla Musayev üz-üzə gəldilər. Bu dəfə də oyun qonaqların baş məşqçisinə qırmızı vərəqə göstərilməsi bitdi. 39 yaşlı mütəxəssis mətbuat konfransında gözünü yumub, ağzını açdı:
“Oyunu fərqli idarə etmək istəyir, özünü hamıdan ağıllı sayır. Matçdan sonra, sadəcə, təşəkkür etmək üçün ona yaxınlaşdım, ikinci sarı vərəqəni göstərdi. Bu, həmin hakimdir ki, “Qarabağ”la oyunöncəsi Con İrasabalı qırmızı vərəqə ilə cəzalandırdı. Halbuki qaydanı Qoba Zakpa pozmuşdu”. Paytaxt klubunun çalışdırıcısı hakimin niyyətinin başqa olduğunu vurğuladı.
İş elə gətirib ki, indi yenə Məmmədovla Musayev Masazırda üz-üzə gələcəklər. Bəlkə də “Sabah”ın 2-ci yeri özünə təmin etməsi, qarşılaşmanın onlar üçün heç bir prinsipial əhəmiyyətinin olmaması Musayevin sakit davranmasına gətirib çıxaracaq. Hər halda izləyək, görək, 16:30-da başlayacaq oyun necə bitəcək.
Bu matça məhz İnqilab Məmmədovun təyinat alması da nə dərəcədə doğrudur, özünüz qərar verin.
AYXAN