"Kəpəz"də növbəti qalmaqal: Əhmədov yenə diqqət mərkəzində
“Kəpəz”də sular durulmaq bilmir. Msport.az saytına daxil olan məlumata görə, klubdakı bir çox şəxslə yola getməyən baş məşqçi Tərlan Əhmədovun xeyli vaxtdır mühafizə xidmətinin rəhbəri və azarkeşlərlə əlaqələndirici şəxs Elmar Əliyevlə münasibətləri korlanıb.
İnsidentin dərinləşməsinə səbəb 51 yaşlı mütəxəssisin “Qəbələ” ilə oyundan (1:1) sonra Əliyevə salam verməməsi olub. Belə ki, klub rəsmisinin yanında dayanan əməkdaşa əl uzadan Əhmədov Əliyevə qarşı hörmətsizlik edib.
İddiaya görə, bu hadisədən sonra mühafizə xidmətinin rəhbəri yaxın ətrafına bir daha Əhmədovu bağışlamayacağını bildirib. Hətta o deyib ki, təcrübəli mütəxəssisin komandada qalması əlavə problemlərə gətirib çıxara bilər.
Tərlan Əhmədovla əlaqə saxlayıb məsələyə münasibət öyrənmək istəsək də, o, hazırda məşğul olduğunu və klubla bağlı suallara yalnız iyunun 4-dən sonra cava verə biləcəyini söyləyib.
Qeyd edək ki, Tərlan Əhmədov “Kəpəz”də daha əvvəl Mehman Allahverdiyev, Xaliq Mərdanov və hazırda komandada olmayan bəzi futbolçularla münaqişə yaşayıb.
CAHİD