featured-image-44202

“Hazırda Lunyov Rusiyanın ən yaxşı qapıçısı hesab olunur. O, bu mövsüm karyerasının yüksəliş dövrünü yaşayır”.

Msport.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın qolkiperi Andrey Lunyovun meneceri Anton Smirnov Rusiya mətbuatına açıqlamasında deyib.

O bildirib ki, Rusiya millisi 32 yaşlı qolkiperi yaxından izləyir: “Yığmamızın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Andrey ilə daim əlaqə saxlayır. O, ümumiyyətlə, bütün qapıçıları analiz edir. Andreyin oyunlarını Kafanovla müzakirə edirik və o, həmişə müsbət rəylər verir. Lunyovun millimizin Serbiya və Paraqvayla matçlara çağırılıb-çağırılmayacağı barədə isə məlumatım yoxdur. Buna məşqçilər korpusu qərar verəcək. Lakin namizədlər siyahısında olduğunu dəqiqliklə deyə bilərəm. Çünki “Qarabağ”la birlikdə UEFA Avropa Liqasının 1/8 finalına yüksəldi. Komandamızın çalışdırıcısından bu barədə soruşmağı qeyri-etik hesab edirəm. Ötən ilin noyabr ayında millinin oyununa dəvət almışdı, lakin Almaniyanın “Bayer” klubunda aldığı zədə səbəbindən heyətdə iştirak edə bilmədi. Amma indi hər şey qaydasındadır. Yaxşı ki, özünü toparladı və tez sağaldı”.

Smirnovun sözlərinə görə, rusiyalı qapıçı Ağdam təmsilçisinin heyətində keçirdiyi 22 qarşılaşmanın heç birində kobud səhvə yol verməyib: “Nə çempionatda, nə də avrokuboklarda “Qarabağ”ın xal itirməsinə səbəb olacaq bir səhv etməyib. Bu görüşlərin hamısında yeddidən çox reytinq aldı. Qurtarışların sayına görə UEFA reytinqində isə birinci pillədədir. O, “Qarabağ”a keçmədən öncə tənqidlər olduqca çox idi. Buna görə qınayanlar da var idi. Lakin indi onu tənqid edənlər yoxa çıxıb. Həmin şərhçilər mənfi fikir bildirmək üçün Andreyin kiçik bir xətasını gözləyirlər. Sevindirici haldır ki, hazırda müsbət fikir bildirənlər çoxluq təşkil edir. Əslində, onun çıxışını mübahisə etmək düzgün deyil. Çünki nəticələr və statistika göz qabağındadır. Lunyovun “Qarabağ”a gəlişi ilə klub özünü matçlarda daha inamlı hiss edir”.

Qeyd edək ki, Andrey Lunyov bu mövsüm “Qarabağ”ın heyətində 22 oyun keçirib, 29 qol buraxıb, 7 görüşdə isə qapısını toxunulmaz saxlayıb.

Bənzər xəbərlər