Mikels Dani Kintananı keçdi, Adamiyaya bir qol qaldı
“Sabah”ın futbolçusu Coy Lens Mikels son 12 mövsümdə Azərbaycan çempionatında ən çox qol vuran avropalı legioner olub.
Msport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, almaniyalı vinger Premyer Liqanın XXX turunda “Qarabağ”la (2:1) qarşılaşmada dubl edərək, buna nail olub.
30 yaşlı oyunçu bununla cari mövsümdəki qol sayını 17-yə çatdırıb. Mikels 2015/2016 mövsümündə “Qarabağ”ın heyətində 15 qola imza atan ispaniyalı Dani Kintananı geridə qoyub. 2011-ci ilin yayından bəri digər avropalı legionerlərdən heç biri bu qədər qol vurmayıb.
Qeyd edək ki, daha çox qol vuran sonuncu avropalı legioner Georgi Adamiyadır. Gürcü futbolçu 2010/2011 mövsümündə 18 dəfə fərqlənib.







