featured-image-31032

“Düşünürəm ki, oyun çox maraqlı keçəcək. Çünki PFL tərəfindən “Bakcell Arena”da finala yaxşı hazırlıq görülüb. Bu isə matça diqqəti artırır. Azarkeş marağı da yetərincədir”.

Bunu Msport.az saytına açıqlamasında “Qəbələ”nin sabiq baş məşqçisi Sənan Qurbanov deyib.

Bu gün “Bakcell Arena”da “Neftçi” və “Qəbələ” arasında keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşən mütəxəssis hər iki komandanın titulu qazanmaq arzusunda olduğunu bildirib: “Klublar avrokuboklara vəsiqəni təmin etsələr də, kuboku qazanmaq bir tarixdir. Hər bir məşqçi, futbolçu bunu arzulayır. Bu səbəbdən meydanda əsl savaş görəcəyik”.

Onun sözlərinə görə, final qarşılaşmasında hansısa komandanı favorit göstərmək çox çətindir: “Neftçi” “Qəbələ” ilə müqayisədə daha köklü, hər zaman çempionluğa oynayan və iddiası böyük olan komandadır. Bu mənada kağız üzərində “Neftçi” favorit görünə bilər. Amma “Qəbələ” son matçlarda yaxşı təsir bağışlayır. Eyni zamanda final təcrübəsi var. Odur ki, bizi çox maraqlı, dinamik və sürətli oyun gözləyir”.

Uzun illər “Qəbələ”də çalışmış Qurbanov “qırmızı-qaralar”ə özünə doğma klub sayda da, “Neftçi”yə simpatiyasını da gizlətməyib: “Mən də vaxtilə hər futbolçu kimi “ağ-qaralar”ın formasını geyinmək istəmişəm. Hansı güclüdürsə, o da qalib gəlsin. Kiməsə azarkeşlik etmək çətin olacaq. Layiq olan kuboku başı üzərinə qaldırsın”.

“Neftçi”nin Premyer Liqada istədiyi yeri tuta bilmədiyini söyləyən mütəxəssis bu komanda üçün 2 və ya 3-cü olmağın önəm daşımadığını vurğulayıb: “Hər zaman çempionluğa oynayan komandadır. Ona görə də kuboku qazanmaq “Neftçi” üçün daha vacibdir. Düzdür, “Qəbələ” üçün də önəmlidir. Sadəcə, paytaxt klubu mövsümü titulla başa vurmaqla yaraların üstünə su səpmiş olacaq. Avrokuboklar öncəsi bu, çox önəmlidir. Gərginlik, stres hər zaman “Neftçi”nin üstündə olub. Amma düşünürəm ki, həm baş məşqçiləri təcrübəlidir, həm də futbolçuları bu yükün altından çıxmağa qadirdirlər”.

Qurbanov bu cür matçlarda həlledici rol oynayan amilləri də açıqlayıb: “Bəzən futbolçular oyundan öncə kuboku qazandıqlarını xəyal edirlər. Bu, çox vaxt mənfi təsir göstərir. Belədə baş məşqçilərin üstünə böyük iş düşür. Çalışırlar ki, bu fikri oyunçuların beynindən atsınlar və onları matça daha çox kökləsinlər. Bundan başqa, hər iki minimum səhvlə oynamalıdır. Həmçinin, psixoloji durum önə çıxacaq. Bu, komandaların isinmə hərəkətlərindən də hiss olunacaq”.

Qeyd edək ki, bu gün “Bakcell Arena”da keçiriləcək final oyunu saat 20:00-da başlayacaq.

CAHİD

Bənzər xəbərlər