"Neftçi"nin mənimlə maraqlandığını bilirdim" - "Səbail"in yeni transferi
“Səbail”in yeni transferi Rüfət Abdullazadənin Msport.az saytına müsahibəsi
– Mövsümün sonunda “Sumqayıt”ı Bakı klubuna dəyişdiniz və 1 illik müqaviləyə imza atdınız. Əvvəlcə bubunla bağlı təəssüratlarınızı bilmək istərdik…
– “Səbail”ə keçdiyim üçün çox şadam. Komandadan təklif gələndə bunun karyerama daha çox kömək edəcəyini fikirləşdim. Ona görə də bu kluba keçməyə razılıq verdim.
– “Səbail” ötən mövsüm çətinliklə Premyer Liqada qaldı. Maraqlıdı, sizi bu komandaya keçməyə nə motivasiya etdi?
– Ötən mövsüm hər komanda üçün çətin keçdi. Əsas olan “Səbail”in Premyer Liqada mövqeyini qorumasıdır. Bu komanda daha yaxşı yerlərə layiqdir.
– “Sumqayıt”dan ayrılmağınıza səbəb nə oldu? Deyəsən, baş məşqçi ilə aranızda problem var idi?
– “Sumqayıt”la vidalaşmağımda yeganə səbəb baş məşqçi qərarı deyil. Bu həm də mənim qərarım idi. Samir məllimlə aramızda heç bir problem olmayıb.
– Bəs, elə isə Samir Abbasov niyə sizi oynatmırdı?
– Bu, baş məşqçinin öz qərarıdır. Mənim işim məşq edib futbol oynamaqdır. Həmin dönəm bir az çətin keçdi, amma futbolda belə şeylər olur. Normal hallardır.
– Daha sonra əvəzedici komandaya göndərildiniz. Bu, nə ilə bağlı idi?
– Əvəzedici komandaya göndərilməyim mənə daha çox motivasiya verdi. Məşqçinin qərarına hörmətlə yanaşıram.
– Bir ara adınız “Neftçi” ilə yanaşı hallandı. Bu komandadan həqiqətən təklif olmuşdumu?
– Bəli, “Neftçi”nin mənimlə maraqlandığını bilirdim. Əvvəlki klubumla əlaqə saxlamışdılar. Amma sonra transfer müəyyən səbəblərdən alınmadı.
– Bəs, “Səbail”ə keçməmişdən öncə necə, başq təklifləriniz var idi?
– Bəli, həm ölkə xaricindən, həm də yerli klublardan təkliflərim var idi. Amma mənim üçün ən yaxşı variantın “Səbail” olduğunu fikirləşdim. Seçimimə görə peşman deyiləm.







