featured-image-12278

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Siyasət Əsgərov AFFA-nın rəsmi saytına müsahibə verib.

Msport.az sizi həmin müsahibə ilə tanış edir:

– Millimiz DÇ-nin seçmə mərhələsində çıxışını tamamladı. Komanda son iki oyunda 4 xal toplamağı bacardı. Son iki oyun barədə nə deyə bilərsiniz?
– Avqustun 29-da Maltada təlim-məşq toplanışına başladıq. Oyundan 4 gün əvvəl qarşılaşmanın keçiriləcəyi ölkədə toplanmağımız komanda üçün əlavə üstünlük oldu. Sevindirici haldır ki, bu üstünlük nəticədə də öz əksini tapdı. Yekunda rəqibi səfərdə 2:0 hesabı ilə məğlub etməklə Bakıdakı məğlubiyyətin əvəzini çıxdıq. Qalib gəlməyimizə əsas səbəb Malta yığmasını yaxşı təhlil etməyimiz idi. Bundan əlavə, futbolçular çox həvəsli idilər, meydanın hər qarışı uğrunda mübarizə aparırdılar.

– Hansı komponentlərdə rəqibi üstələməyi bacardınız?
– Dediyim kimi, rəqibi yaxşı təhlil etmişdik, zəif cəhətlərini bilirdik. Son təlim-məşq toplanışında məhz bu səhvlərdən necə yararlanmaq üzərində çalışırdıq. Əvvəlki oyunlarda rəqibi meydanın bizə aid hissəsində, ya da ikinci zonada qarşılayırdıq. Son dörd oyunda yeni sistemdə mübarizə apardıq. Daha dəqiq ifadə etsək, Malta ilə oyunda pressinq tətbiq edib meydanın rəqibə aid hissəsində oyun qururduq. Rəqibi səhvlər etməyə məcbur etdik və bundan da yararlanıb iki dəfə fərqlənməyi bacardıq.

– Bəs Bosniya və Herseqovina yığması ilə dünən keçirilmiş oyun ilə bağlı nə deyə bilərsiniz?
– Bosniya və Herseqovina millisi ilk turlarda xallar itirdi, ancaq sonrakı oyunlarda toparlanmağı bacardılar. Futbolçularının səviyyəsi və çıxış etdikləri klublar rəqibin hansı vəziyyədə olmasını əyani göstərir. Təəssüf ki, səfərdə keçirdiyimiz oyunun 90+4-cü dəqiqəsində qapımızdan qol buraxaraq məğlub olmuşduq. Son dəqiqə qolu futbolçulara çox pis təsir etmişdi. Çünki həmin qarşılaşmada çox yaxşı oyun nümayiş etdirmişdik. Ani diqqətsizlikdən səhv etdik və qol buraxdıq. Bu oyunda isə daha diqqətli olduq. Biz hər oyuna rəqibin oyun üslubuna uyğun olaraq hazırlaşırıq. Malta ilə oyundan fərqli olaraq, Bosniya və Herseqovina millisi ilə görüşdə oyun planında fərqlilik var idi. Oyunu meydanın rəqibə aid hissəsində qurmağa çalışırdıq. Ancaq budəfəki rəqibimiz Maltadan fərqli olaraq, müdafiənin arxasına ötürdükləri uzun toplarla oyun planımızı pozurdu. Nəticədə futbolçular irəli-geri getməklə daha çox enerji sərf edirdilər, yorulurdular. Bizim üçün çox çətin oyun oldu. Buna baxmayaraq, futbolçularım istək və xarakter göstərdilər. Hesabda geridə olsalar da, həvəsdən düşmədilər. Hətta bərabərlikdən sonra belə qələbə topunu vurmaq üçün irəli atılırdılar.

– Artıq seçmə mərhələ başa çatıb. Komanda yekunda 7 xalla 4-cü pillədə qərarlaşdı. Ümumi olaraq seçmə mərhələni necə dəyərləndirirsiniz?
– Qadınlardan ibarət Azərbaycan milli komandası yeni formalaşıb, cəmi iki seçmə mərhələdə çıxış etmişik. Gənc komandayıq. İldən-ilə inkişaf edirik, təcrübə toplayırıq. İki il əvvəlki komanda ilə müqayisə etsək, oyunlara hazırlıq baxımından, oyunun keyfiyyətində, məşqlərə yanaşmada böyük fərqlər var. Milli komanda səviyyəsində beynəlxalq oyunlar klub səviyyəsində olan oyunlardan çox fərqlənir. Biz gündən-günə, ildən-ilə daha çox yol qət edirik. Bunu seçmə mərhələdə keçirdiyimiz oyunlar, əldə etdiyimiz nəticələr də göstərir. Əvvəl AÇ-nin seçmə mərhələsində cəmi 3 xal toplamışdıq. İndi isə 7 xal. Əlbəttə, daha çox xal toplaya bilərdik. Əsas odur ki, yaxşıya doğru istiqamət almışıq. Bu, çox sevindiricidir. Komandanın istəkli olması, xarakter nümayiş etdirməsi məni tam qane edir. Əvvəlki oyunlarda qol vurmağa çətinlik çəkirdik. Artıq ilk oyunlarda olduğu kimi, müdafiədə “oturmuruq”. Pressinq edirik, oyunu meydanın rəqibə aid hissəsində qururuq, “bir nömrə” kimi oynamağa çalışırıq. Növbəti seçmə mərhələlərdə daha yaxşı oyunlar keçirib, daha yaxşı nəticələr əldə edəcəyimizə inanıram. Bunun üçün isə daha çox oyun keçirməliyik. Futbolçular beynəlxalq səviyyədə nə qədər çox oyun keçirsələr, daha çox təcrübə əldə edəcəklər.

– Seçmə mərhələdə sizi ən çox təəssüfləndirən oyun hansı olub?
– İki oyun var ki, o oyunlardan sonra uzun müddət özümə gələ bilmədim. Biri Bosniya və Herseqovina millisinə qarşı səfərdə keçirdiyimiz oyun, digəri isə Bakıda Malta komandasına qarşı oyun. Səfərdəki qarşılaşmanın 90+4-cü dəqiqəsində qol buraxdıq. Halbuki o anadək 2 real qol imkanımız olmuşdu. Bakıda Malta millisi ilə oyunda isə heç-heçə edə bilərdik. Oyun təcrübəsinin az olması məğlub olmağımıza səbəb oldu. Bu seçmə mərhələdə ən zəif oyunumuz isə səfərdə Monteneqro millisinə qarşı olub.

– Komanda üzvlərinin çoxunun legioner həyatı yaşamasının əldə olunan nəticələrə müsbət təsir etdiyini demək olarmı?
– Əlbəttə. Bildiyiniz kimi, futbolçuların bir çoxu Rusiya, Türkiyə, Qazaxıstan kimi ölkələrdə legioner həyatı yaşayırlar. Bunun əsas mənfi cəhəti hər ölkənin liqasının fərqli-fərqli tarixlərdə keçirilməsidir. Bəziləri daha hazır gəlir millinin düşərgəsinə, bəzilərində isə çempionatları başlamadığına görə müəyyən çatışmazlıqlar olur. Misal üçün, hazırda Rusiya çempionatı davam edir, ancaq Türkiyə çempionatı başlamayıb. Bu cür nüanslar bizim işimizə təsir edir. Artıq növbəti hədəf futbolçuların Avropa klublarına transferi olmalıdır. Bu tramplini aşa bilsək, həm futbolçular, həm də milli komanda üçün daha yaxşı olacaq. Bu tendesiya digər gənc qızlar üçün də bir stimul olar.

– Əsas çatışmazlıq kimi nələri qeyd edə bilərsiniz?
– Az əvvəl qeyd ediyim kimi, gənc komandayıq. Futbolçuların ortalama yaş həddi 23-dür. Yüksək təzyiqdə, kütlə qarşısında beynəlxalq oyun, demək olar ki, görməyiblər. Yəni oyun təcrübələri elə də çox deyil. Əsas çatışmazlıq kimi bunları qeyd edə bilərəm. Dediyim kimi, bunun da əsas çarəsi daha çox beynəlxalq oyun keçirməyimizdir.

– Son olaraq nə demək istəyərdiniz?
– AFFA qadın futbolunun inkişafı üçün nə lazımdırsa, edir. Ancaq bu təkcə AFFA-nın işi olmamalıdır. Məndə olan məlumata görə, bu ildən “Neftçi” Yüksək Qızlar Liqasında komanda ilə təmsil olunacaq. “Qəbələ” klubunun komandası var. “Sumqayıt” bu istiqamətdə işlər görür. Biz qadın futbolunu inkişaf etdirmək istəyiriksə, təkcə AFFA-nın hesabına bunu reallaşdırmaq çətindir. Klublar da qadın komandalarını yaratmaqda maraqlı olmalıdır. O zaman məşqçilərin də seçim imkanı daha çox olacaq.

Bənzər xəbərlər