"Ona görə qalib gələ bilmədik" - Murad Musayev
Azərbaycan Premyer Liqasının XVI turunun “Sabah” – “Şamaxı” matçından (1:1) sonra meydan sahibi komandanın baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırdı.
Msport.az xəbər verir ki, o, əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Rəqibdən üstün idik. Onların imkanları yox idi. Azlıqda olsaq da, nəzarət, üstünlük bizdə idi. Qələbə qazana bilməmişiksə, günahı özümüzdə axtarmalıyıq. İlk hissədə yersiz qırmızı vərəqə aldıq.
– İddialı komandalarla daha məzmunlu oyun sərgilədiyiniz halda, digər rəqiblərlə görüşdə çətinlik yaşayırsız. Səbəb nədədir?
– İddialı komandalarla açıq oyun keçir. İki tərəf də hücuma atılır. “Şamaxı” 5 müdafiəçi ilə oynayırdı. Belə rəqibə qarşı oynamaq çətindir. Əlimizə düşən imkanlardan yararlana bilməliydik.
– Sebalyos həm qol vurdu, həm də komandasını azlıqda qoydu. Qəhrəmandır, yoxsa antiqəhrəman?
– Bu haqda bir şey deyə bilmərəm. İntizamsız davrandı və meydandan qovuldu. Onun üzündən bu gün qalib gələ bilmədik.
– Dünən “Neftçi” uduzdu. Ən yaxın izləyicinizin xal itirməsindən sonra futbolçulara xüsusi motivasiya verdizmi, danışdızmı onlarla?
– Qələbələr seriyasından sonra peşəkarlıq ortaya çıxır. Böyük iddialarımız varsa, peşəkar olmalıyıq. Belə səhvlər etməməliyik.
– Aleksey İsayevin durumu nə yerdədir?
– Hələ məlum deyil.
(Futbolpress)