"Onunla bağlı çox sualların verilməsini istəməzdim" - Qurban Qurbanov
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının I turunda “Araz Naxçıvan”la oyunda qırmızı vərəqə alan Elvin Cəfərquliyevdən danışıb. Msport.az xəbər verir ki, Qurbanov “Ludoqorets”lə matçdan öncə təşkil olunan mətbuat konfransında bu barədə sualı cavablandırıb:
“Çox da müzakirəyə ehtiyac yoxdur. Hər futbolçu çalışmalıdır ki, özünü idarə etsin. Bu, vacibdir və futbol kollektiv oyunudur. Onunla bağlı çox sualların verilməsini istəməzdim. Kollektivdə problem olmayanda işləmək asandır. Bəzi məqamlar olur ki, bizə fayda verir. Yəni, digər oyunçuları ələ almaq, maksimum konsentrasiya və s. Hər məqam istər Elvin, istərsə də digər oyunçular üçün siqnal olmalıdır.
Elvinin yaşı çox deyil, amma kifayət qədər avrokubok təcrübəsi var. Sabah meydana çıxsa, inanmıram ki, əsəbləri onunçün problem olsun. Özü də vəziyyəti başa düşür. Dediyim kimi, təcrübəsi xeyli artıb. Bu halların təkrarlanması kollektiv üçün də yaxşı deyil. Futbol kollektiv mübarizə oyunudur. Bəzən də hakimlər sarı vərəqələri verməyə tələsirlər. Çünki dəfələrlə demişəm, oyunlara baxırıq, bəzi qərarlarda hakimlər fərqli olur. Biri sərt oyuna şərait yaradır, biri yox. Referilərdən də soruşanda deyirlər ki, oyunçuları qoruyuruq. Hakim qanunlar çərçivəsində vərəqələrini verə bilər, amma bəzən özlərinə də baxır. Bəzən hansısa vərəqələri verməmək də mümkündür. Lakin sonda problem futbolçuda qalır. Oyunçular belə halları bilməli, nəzarətdə saxlamalıdır”.