“Öz futbolçularım haqda heç vaxt pis danışmayacam” - Murad Musayev
“Sabah” Azərbaycan Premyer Liqasının 36-cı turunda səfərdə “Neftçi”yə 0:1 hesabı ilə məğlub olub.
Msport.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:
– Hazırkı kollektivdən neçə faizi qalacaq, kimlər komandanı tərk edəcək?
– Çətin sualdır. Bəzi mövqelər var ki, oradakı oyunçularla müqavilə müddətini uzatmamışıq. Gözləyirəm ki, beş transferi həyata keçirəcəyik.
– Abdulaye Ba avrokuboklarda və yeni mövsümdə “Sabah”a kömək olacaq?
– Bəzi futbolçularla müqavilə müddəti bitib. “Neftçi” ilə oyundan öncə əvvəl sözləşmələri bitən heç bir futbolçu ilə danışmamışıq. Düzgün olmazdı ki, oyunçulardan əvvəl sizə məlumat verək.
– Yəqin ki, sizin də istirahətə ehtiyacınız var. Planlarınız necədir?
– Sabah Krasnodara uçacam. Bir həftəyə yaxın dənizə gedəcəm, evdə olacam. İyunun 21-də artıq qayıdacağıq və təlim-məşq toplanışına başlayacağıq.
– Toplanışla bağlı planlarınız necədir? Avstriyada keçəcəksiz toplanışı?
– Bəli, müəyyənləşdirmişik. Qəbələdə və ya Bakıda keçəcəyik hazırlığı. Oyunçular bizə qoşulana qədər kiçik heyətlə olacağıq. Onlar gəldikdən sonra Avstriyaya yollanıb, toplanışı orada keçəcəyik.
– Aleksey Kaşukla bağlı məsələdə yenilik var?
– Heç nə dəyişməyib. “Şaxtyor”a qayıdır.
– Mövsüm ərzində hakimlər və jurnalistlərlə aqressiv olursuz. Səbəbi nədədir?
– Sizdə həmişə neqativ suallar olur. Deyirsiz avrokuboklarda Yusiflə, Bəxtiyarla nə edəcəksiz? Avrokuboklarda oynayanda da bu cür suallar verəcəksiz? Sanki siz jurnalistlər arasında dünya çempionuz. Keçən dəfə burada belə sual verirlər ki, komandanı neçə faiz gücləndirmək istəyirsiz? Buna necə cavab verim? Zarafatla dedim ki, təbii Modriçi, Benzemanı istəyirəm. Çox suallar verilir. Öz futbolçularım haqda heç vaxt pis danışmayacam. Amma provakasiya uyğun suallar verirsiz. Çox sağolun. Sizin bu suallarınız üçün darıxacam(gülür). (Sportal)