Paris-2024: Azərbaycanın yekun mövqeyi bilindi
Azərbaycanın “Paris-2024” Yay Olimpiya Oyunlarında medal sıralamasındakı yekun mövqeyi bəlli olub.
Msport.az xəbər verir ki, olimpiadada 7 medal qazanan ölkəmiz Xorvatiya ilə birlikdə 30-31-ci yerləri bölüşdürüb.
Azərbaycan komandasının heyətində cüdoçular Hidayət Heydərov (73 kiloqram) və Zelim Kotsoyev (100 kiloqram) Olimpiya çempionu olublar, taekvondoçu Qaşım Maqomedov (58 kiloqram) və boksçu Alfonso Dominqes (92 kiloqram) gümüş, yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kiloqram), sərbəst güləşçilər Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medala sahib çıxıblar.
Bununla da Azərbaycan medal əyarına görə Tokio olimpiadasındakı nəticəsini yaxşılaşdırıb. İdmançılarımız 2021-ci ildə Yaponiya paytaxtında keçirilmiş yarışda 3 gümüş və 4 bürünc mükafata sahib çıxmış, medal sıralamasında 67-ci olmuşdular.