PFL iki oyunun saatını niyə dəyişib? - "Çətinlik yarana bilərdi"
Azərbaycan Premyer Liqasında II turun iki oyununun başlama saatı dəyişdirilib.
Avqustun 12-nə təyin olunmuş “Araz Naxçıvan” – “Qəbələ” matçı saat 18:30-da, “Zirə” – “Kəpəz” görüşü isə 21:00-da başlayacaq. Peşəkar Futbol Liqası dəyişiklik təşkilati işlərlə əlaqədar olduğunu açıqlayıb. Bəs, təşkilati işlər deyərkən konkret olaraq nə nəzərdə tutulub?
Qurumun mətbuat və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Sənan Abdullayev Msport.az saytına açıqlamasında məsələyə belə aydınlıq gətirib:
“Məlum olduğu kimi, “Araz-Naxçıvan” infrastruktur problemi səbəbindən oyunlarını “Dalğa Arena”da keçirir. Xüsusən yay aylarında havaların isti keçməsi və çimərlik mövsümünün davam etməsi yollarda sıxlıq yaradır. 12 avqust tarixində isə həm də arenanın yaxınlığında yerləşən istirahət mərkəzlərindən birində geniş tamaşaçı kütləsi toplayacaq konsert proqramı baş tutacaq. Bu tədbir oyun saatı ilə üst-üstə düşürdü. Belədə azarkeşlərin gəliş-gedişi, eləcə də digər təşkilati işlərlə bağlı çətinlik yarana bilərdi. Bütün bunları nəzərə alaraq matçların vaxtının dəyişdirilməsinə qərar verildi”.







