"Psixoloji gərginlik, qorxaqlıq oldu" - Şahin Diniyev
Azərbaycan Premyer Liqasının 19-cu turunun “Şamaxı” – “Səbail” oyunundan (2:1) sonra qonaqların baş məşqçisi Şahin Diniyev CBC Sport-a açıqlama verib. Msport.az xəbər verir ki, təcrübəli mütəxəssis hesabda öndə olduqları qarşılaşmada uduzmaqlarını belə izah edib:
“Doğrudan da maraqlı oyun oldu. Ancaq bizim üçün iki hissəyə bölünən matç idi. İlk yarıda sırf hesaba oynadıq və taktiki cəhətdən doğru olanları etdik, 1:0 önə keçdik. İkinci hissədə komanda tamamilə dəyişdi. Psixoloji gərginlikmi, qorxaqlıqmı oldu, sanki içəridə nəsə çatışmırdı. Bu görünürdü. Özünəinam yox idi. Stasyukun da meydandan çıxması müdafiədə problemlərimizin artmasına səbəb oldu. O, meydanı tərk etdikdən sonra oyunu dəyişdik. Sağ ayaqlı Cabir Əmirli sola keçdi, Rafael Məhərrəmli geri çəkildi və bizim üçün böyük problemlər yarandı. Müdafiədə artıq çoxlu səhvlər buraxmağa başladıq. Ümumiyyətlə, oyunun intizamını əlimizdən buraxdıq. Oyuna nəzarəti əldən verdik. Ortada topu saxlamalı idik, cinah yarımmüdafiəçilərinin hesabına tez hücuma çıxmalı idik. Bunların heç birinə nail ola bilmədik. Komanda tez oturdu arxaya. Bunu fiziki hazırlıqla da qiymətləndirmək olmaz. Çünki 90+6-cı dəqiqədə komanda irəli gedə bilirdi. Özünəinam itdi, psixoloji cəhətdən sanki komanda dəyişdi. Amma hər şey hələ irəlidədir. Bu başlanğıcdır, qısa zaman ərzində “Səbail” öz oyununu tapacaq”.
56 yaşlı mütəxəssis heyətdə olan itkilərdən də danışıb: “Ağabala Ramazanovun, Turan Manafovun tam sağlam olması bu gün bizə kömək olardı. Ancaq bu futboldur. Bəhanələr üstündə yox, faktlar üstündə dayanmaq lazımdır. Nəticə hər şeydən xəbər verir. Bu gün uduzmuşuqsa, deməli, hamımız səhv etmişik”.
Diniyev yeni transfer David Qomesin hələ tam hazır olmadığını bildirib: “Ümid edirəm ki, gələcəkdə onun bizə xeyiri dəyəcək. Hazırda onun funksional hazırlığı yerində deyil və oyun təcrübəsində problemlər var. İstəyi çox idi, sadəcə meydana elə vaxtda girdi ki, oyunun taleyini dəyişmək lazım idi. Sakit bir vaxtda meydana daxil olmadı. Mənə elə gəlir ki, zaman keçdikcə, oyundan-oyuna funksional hazırlığı yaxşı olsa, oyunu alınacaq. Ümid edirəm ki, bizə kömək edə biləcək”.
“Dənizçilər”in baş məşqçisi Azərbaycan kubokunda yarımfinala çıxsalar da, çempionatda da sonadək döyüşəcəklərini deyib. Xüsusən də sonuncu yeri tutmamaq üçün əllərindən gələni edəcəklər: “Biz axırıncı yerdən mütləq çıxmalıyıq. İnanıram ki, sonuncu yerdən uzaqlaşacağıq. Bizim üçün çempionatın oyunları çox vacibdir. Düzdür, UEFA-ya gedən yol kubokdan keçir, amma rəqiblər də həmin rəqiblərdir. Əvvəlcə öz oyunumuzu tapmalıyıq ki, kubokda da uğur qazana bilək. Birinci növbədə sonuncu yerdən çıxmaq üçün bütün gücümüzü sərf etməliyik”.
AYXAN







