featured-image-26184

“Qalatasaray” dünən gecə saatlarında Bakıya gəldi. Sosial şəbəkələrdə izlədiyim videolara əsasən deyə bilərəm ki, Heydər Əliyev Beynəlxalq Hava Limanı sözün əsl mənasında dağılırdı. İkardi qışqıran kim, “Qalatasaray”ın şəninə nəğmələr oxuyan kim, futbolçularla şəkil çəkdirmək üçün min-bir əziyyətə qatlaşanlar da öz yerində.

Azərbaycanda “Qalatasaray”a bu sevginin səbəbi nədir? Düzdür, ölkəmizdə “Fənərbaxça” və “Beşiktaş” azarkeşləri də var, amma etiraf edək ki, onların tərəfdarları “sarı-qırmızılı” rəngə könül verənlərdən xeyli geri qalırlar.

1990-cı illərin əvvəlinə qədər inanmıram ki, Bakıda  “Qalatasaray” azarkeşi tapmaq mümkün olardı. SSRİ çempionatı yeni dağılmışdı, hər kəs hələ də “Neftçi”nin İttifaq çempionatındakı oyunlarını xatırlayır, bunun nostalgiyası ilə yaşayırdılar. Beynəlxalq səviyyədə də Kiyev “Dinamo”sunun 1986-cı ildə Kuboklar kubokunu qazanması, SSRİ yığmasının 1988-ci ilin Avropa çempionatında finala yüksəlməsi yaddaşlarda iz buraxmış əsas futbol hadisləri idi. Bu hadisələrin üstündən hələ cəmi bir neçə il keçirdi.

1990-cı illərin sonlarında Azərbaycan azarkeşi birdən-birə böyük boşluğa düşür. Ölkə çempionatının səviyyəsi çox aşağı idi, “Neftçi” – “Spartak”, “Neftçi” – “Dinamo” matçlarından sonra “Azəri” – “İnşaatçı” qarşılaşmasını izləmək heç kimə zövq verməzdi. Azərbaycan klubları Avropa miqyaslı yarışlarda ilk mərhələdəcə böyük hesabla uduzurdular, milli komandadan da danışmağa dəyməz.

Həmin ərəfədə artıq yavaş-yavaş ucqar dağ kəndlərində də çanaq antenaları peyda olur, Türkiyə siyasəti, Türkiyə mətbəxi, Tükiyə serialları və təbii ki, futbolu həyatımıza sirayət etməyə başlayır. Valideynlərimizdən soruşsaq, yəqin ki, heç biri tələbə vaxtı lahmacun nədir bilməzdi, mərci çorbası (Azərbaycanda onu başqa qaydada hazırlayırdılar) məhz həmin illərdən etibarən hər kəsin sevimli birinci yeməyinə çevirildi.

Bu həmin dövr idi ki, “Qalatasaray”ın Türkiyədə qılıncının dalı da kəsirdi, qabağı da. Çempionatda “cim bom”un qabağına çıxa bilən komanda yox idi. Təsadüfi deyil ki, “sarı qırmızılılar” 7 dəfə ardıcıl ölkə çempionu oldular. 1999-2000 mövsümü isə Fatih Terimin rəhbərlik etdiyi komanda özünü Avropada da göstərdi.

Böyük boşluğa düşmüş azərbaycanlı azarkeşə bundan gözəl hədiyyə nə ola bilərdi? Onsuz da avrokuboklarda “tutmağa” komanda yox, (mən Avropa klublarına azarkeşlik edənləri nəzərə almıram), üstəlik komandada oynayan bir çox futbolçular bizimlə eyni dildə danışır, (hərçənd özlərinin çoxunun bundan xəbəri yox idi) eyni cür düşünür, mentalitet, adət-ənənələr oxşardır. Belə olan halda əlbəttə ki, “Qalatasaray” hamıya doğma gələcəkdi.

2000-ci ildə İstanbul klubu UEFA kubokunu qazandıqdan sonra isə Bakı sanki “Qalatasaraylılar” şəhərinə çevirildi. Maraqlıdır ki, 23 il öncə baş vermiş qələbəni yalnız sonralar izləmək imkanı olmuş gənc nəslin bir çox nümayəndələrinin ataları da məhz 2000-də  “Qalatasaray”ın qələbəsinə dua edənlər idi. Yəni artıq prosses sanki irsi olaraq nəsildən-nəsilə davam edir.

Avropanın bir çox orta səviyyəli klublarının oyunlarını stadionda çox izləmişəm. İstər “Maribor, istər “Bazel”, bəzən 70 yaşlı baba-nənə öz nəvəsi ilə birgə arenaya gəlib doğma komandalarını dəstəkləyir. Yəni Avropada da bir klubu nəsildən nəsilə sevmək ənənəsi var, amma bizdən fərqli olaraq onlar öz şəhərlərinin, özlərinin komandasına dəlicəsinə aşiq olurlar.

Dünən aeroportda gördüklərim məni xeyli təsirləndirdi. Bəlkə də Azərbaycanda heç vaxt “Qarabağ”, “Neftçi”, “Kəpəz” “Qalatasaray” qədər sevilməyəcək. “Qarabağ”, “Neftçi” hər zaman “Qalatasaray”ın kölgəsində qalacaq. Azərbaycan çempionatından ümumiyyyətlə, danışmıram, bizim liqanın səviyyəsi hər kəsə bəlli.

Türkiyə televiziyasına çıxan ekspertin “Qarabağ”ın hansı ölkənin klubu olduğunu bilməməsi, eləcə də 2009-da Bursada Abdullah Güllə Serj Sarkisyanın Bursada birgə izlədiyi Azərbaycan bayraqlarının stadiona buraxılmadığı Türkiyə – Ermənistan matçı da yadımda. Situasiyaya uyğun olaraq, zamanın tələbinə görə, vəziyyət dəyişə bilər. Amma “Qalatasaray” sevgisi Azərbaycanda bu gedişlə əbədi qalacaq. Bu yaxşıdırmı, pisdirmi, hə, bu başqa söhbətin mövzusudur.

ELNUR MƏMMƏDLİ 

Bənzər xəbərlər